İDMAN
AGF-in baş katibi: "Grace of Nature" turniri hər il fərqli şəhər və rayonlarda təşkil olunacaq

Naxçıvan, 21 sentyabr, AZƏRTAC
Bu gün Naxçıvanda bədii gimnastika üzrə “Grace of Nature” adlı beynəlxalq turnir start götürüb. Bu, paytaxtdan kənarda təşkil olunan ilk belə yarışdır. Beynəlxalq turnir Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Hazırda yarışda 250-yə yaxın gimnast iştirak edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Naxçıvanda keçirilən “Grace of Nature” turniri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O, turnirdə paytaxt gimnastları ilə yanaşı, Gəncə, Oğuz, Qax, Zaqatala, Mingəçevir və digər yerlərdən də idmançıların iştirak etdiyini bildirib: “Burada həm fərdi, həm də komanda yarışlarında gimnastlarımız güclərini sınayacaqlar. Belə yarışların bölgələrdə keçirilməsi çox vacibdir. Düşünürəm ki, turnir azyaşlı gimnastlarımız üçün böyük stimul olacaq. Ümid edirik ki, onlar gələcəkdə beynəlxalq arenada da sözlərini deyəcəklər”.
Azərbaycanın müxtəlif bölgələrində bədii gimnastika üzrə bölmələrin fəaliyyət göstərdiyini söyləyən Nurlana Məmmədzadə “Grace of Nature” turnirinin hər il fərqli şəhər və ya rayonda təşkil olunacağını əlavə edib.
Qeyd edək ki, bədii gimnastika üzrə beynəlxalq turnir sentyabrın 22-dək davam edəcək.