AĞRƏNGLİ AVTOMAŞINLAR ƏN TƏHLÜKƏSİZ AVTOMAŞINLARDIR
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, qararəngli maşınlar ağrəngli maşınlardan daha tez-tez yol-nəqliyyat qəzalarına uğrayır. Bunu Avstraliyada aparılmış tədqiqatın nəticələri göstərmişdir. Monaşa Beynəlxalq Universiteti nəzdində qəzaları öyrənmə mərkəzinin apardığı təhlil göstərmişdir ki, ağrəngli avtomaşınlar yolda tez gözə çarpır və onların qəzalara uğraması ehtimalı qararəngli nəqliyyat vasitələrinkindən (onların qəzaya uğraması riski 12 faizdən artıqdır) azdır. Həmin göstərici bozrəngli maşınlarda 11 faiz, gümüşrəngli maşınlarda 10 faizdir. Universitetin kiçik elmi işçisinin xəbərdə misal gətirilən sözlərinə görə, nəticələr gözlənilməz olmamışdır. “Qara, tünd göy və tünd yaşıl rənglər qarışmaq və ətraf şəraitə qovuşmaq xassələrinə malikdir”. Universitetin əməkdaşı bildirmişdir ki, avtomobilçi yeni maşın alarkən, ilk növbədə, öz təhlükəsizliyinin qayğısına qalmalı, sonra hansı rəngəsə üstünlük verməlidir.