Ağstafa rayonunda minaatan mərmisi aşkarlanıb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da saat 11:44-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Eynallı kəndində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupu və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə otlaq sahəsinə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində heç bir partladıcı maddə olmayan 82 millimetrlik minaatan mərmisi (OF-832) aşkarlanıb. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 1600 kvadratmetr əraziyə yerüstü, 500 kvadratmetrlik sahəyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.