İQTİSADİYYAT
AĞSU: SOSİAL-İQTİSADİ LAYİHƏLƏR UĞURLA İCRA OLUNUR
Ağsu, 24 aprel (AZƏRTAC). 2010-cu ilin birinci rübündə Ağsuda ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çox - 11 milyon 596,3 min manatlıq ümumi daxili məhsul (ÜDM) buraxılmışdır. ÜDM-in 41,6 faizi kənd təsərrüfatının, 41,8 faizi ticarətin, 5,8 faizi isə tikintinin payına düşür. Mal-qaranın baş sayı 39882 baş, davarların sayı 150564 baş olmuşdur. Bu müddətdə 1050 ton ət, 6265 ton süd, 1 milyon 684 min ədəd yumurta istehsal edilmişdir. Quşçuluğun sənaye üsulu ilə inkişafı davam etdirilir. Rayonda fəaliyyət göstərən “Şaban-Quşçuluq” MMC 10 min baş quş yetişdirmiş və satmışdır. “Az-Qranata” MMC-nin alkoqollu içkilər və şirə emalı zavodunun tikintisi davam etdirilmişdir.
Bu faktlar rayonda birinci rübün yekunlarına həsr olunmuş hesabat yığıncağında səsləndirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin hesabat məruzəsində daha sonra bildirilmişdir ki, ötən il oktyabrın 29-da Prezident İlham Əliyevin Ağsuya tarixi səfəri rayonun gələcək inkişafı üçün çox böyük perspektivlər açmışdır. Səfərdən sonra, noyabırın 23-də ölkə başçısı “Ağsu rayonunda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sənədə əsasən Prezidentin Ehtiyat Fondundan bu məqsədlə 3,7 milyon manat vəsait ayrılmışdır. Həmin vəsaitlə dağlardan, 25 kilometr məsafədən içməli su kəməri çəkiləcəkdir. Artıq layihə-smeta sənədləri hazırlanır. Yaxın vaxtlarda işlərə başlanacaqdır. Kənd yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılması məqsədi ilə 8 kənddə modul tipli sutəmizləyici qurğunun quraşdırılması üçün torpaqayırma sənədləri hazırlanmışdır. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş 3000 yerlik şəhər stadionunun inşası davam etdirilir.
Qaraqoyunlu kəndində tikilən 220 şagird yerlik orta məktəbin binasında tamamlama işləri aparılır. Ucqar dağ kəndi Kalvada 220 yerlik orta məktəb binası, şəhərdə sutkalıq istehsal gücü 30 ton olan çörək zavodu, Padar kəndi ərazisində saatlıq istehsal gücü 30 kubmetr olan Qum-çınqıl karxanası, şəhər və kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər tikilir.
Hesabat yığıncağında rayonun sosial-iqtisadi həyatının bütün sahələri geniş təhlil edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.