SİYASƏT
Ağsuda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir
Ağsu, 31 dekabr (AZƏRTAC). 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Ağsuda təntənə ilə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, dekabrın 30-da rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri şəhərin mərkəzindəki Heydər Parkına gələrək müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər qoymuşlar.
Sonra rayon mədəniyyət sarayında davam edən tədbirdə “Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda məruzə dinlənilmiş, təbriklər oxunmuşdur.
Məruzədə diqqət ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin düşdüyü dərin böhrana, erməni təcavüzünün, daxili çəkişmələrin yaratdığı problemlərə cəlb edilmiş, belə bir vəziyyətdə xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı böyük tarixi hadisə kimi dəyərləndirilmişdir. Bildirilmişdir ki, ilk vaxtlardan xalqı bir araya gətirmək üçün böyük siyasi iradə nümayiş etdirən Ulu Öndər çox keçmədən məqsədinə nail olmuşdur. Xaricdə Azərbaycan diasporunun formalaşması və təşkilatlanması istiqamətində fəal iş aparmağa başlamışdır. Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu sahədə xüsusi dönüş nöqtəsi, böyük nailiyyət kimi tarixə düşmüşdür.
Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin səyi ilə Azərbaycan diasporu daha da inkişaf etmişdir. Təsadüfi deyil ki, bu gün diaspor təşkilatlarımız Azərbaycanı xaricdə layiqincə təmsil edirlər.
Tədbir rayon mədəniyyət kollektivlərinin maraqlı bayram konsert proqramı ilə Heydər Parkında davam etdirilmişdir.
Parkda balacalara yeni il hədiyyələri paylanmış, yolka ətrafında şənlik keçirilmişdir.