CƏMİYYƏT
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Ukrayna vətəndaşları da daxil olmaqla 3 nəfər saxlanılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Yaxın qohumlarının qəza törətməsi və yardım üçün təcili pul lazım olduğu barədə yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis orqanları tərəfindən əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin qanunsuz əməllərə cəlb olunan Seymur Əhmədov, Ukrayna vətəndaşları Durkin Yevhen və Kostıuk Vitali saxlanılıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər “Telegram” sosial şəbəkəsində əlaqə qurduqları naməlum şəxslərin onları yönləndirdiyi ünvanlara yollanaraq yaşlı nəslin nümayəndələrinin yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək pul tələb ediblər.
Həmin hüquqazidd əməllər nəticəsində 6 vətəndaşa ümumilikdə 27 min 200 ABŞ dolları və 25 min manat maddi ziyan dəyib. Saxlanılan şəxslər pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüblər.
Saxlanılan şəxslərdən ikisi - Durkin Yevhen və Kostıuk Vitali məhz həmin qanunsuz əməlləri həyata keçirmək məqsədi ilə müvafiq olaraq yaşadıqları İtaliya və Polşa respublikalarından Bakı şəhərinə gəliblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara bu hallarla bağlı diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi tövsiyə edir.