CƏMİYYƏT
Ahıllara qayğı hər kəsin mənəvi borcudur
Qax, 1 oktyabr (AZƏRTAC). Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri mərkəzin direktoru Vəfa İmamova açaraq ölkəmizdə ahıl vətəndaşların diqqət və qayğı ilə əhatə olunduqlarını bildirmiş, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədi ilə dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidentinin 2013-cü il 27 avqust tarixli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin bu il sentyabrın 1-dən artırılaraq 100 manata çatdırılması yaşlı insanlara dövlət qayğısının daha bir təzahürüdür.
Tədbirdə çıxış edənlər vurğulamışlar ki, ahıllara qayğı təkcə dövlətin deyil, hər kəsin mənəvi borcudur.
Ahıllar onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda mərkəzin himayəsində olan ahıl vətəndaşlara ərzaq yardımı göstərilmişdir.