DÜNYA
Aİ-nin Xarici İşlər Şurası dekabrın 16-da keçiriləcək iclasında Gürcüstana vizasız gediş-gəliş məsələsini müzakirə edəcək
Tbilisi, 29 noyabr, AZƏRTAC
Dekabrın 16-da Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclası keçiriləcək. İyirmi yeddi üzv dövlətin nümayəndələrinin iştirak edəcəkləri toplantıda Gürcüstanla bağlı məsələ, o cümlədən Gürcüstanla vizasız gediş-gəliş rejiminin ləğvinin mümkünlüyü müzakirə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
“Gürcüstan məsələsi son vaxtlar bir neçə dəfə müzakirə olunub. Xarici İşlər Şurasının dekabrın 16-da keçiriləcək iclasında Gürcüstanla bağlı məsələ 27 üzv dövlət tərəfindən müzakirə ediləcək. Bütün variantlar masa üzərindədir. Onlar arasında Gürcüstanla vizasız gediş-gəliş rejiminə son qoymaq məsələsi də yer alır. Lakin bu, Avropa İttifaqının 27 üzv dövləti tərəfindən müzakirə olunaraq qərar veriləcək məsələdir”, – deyə səfir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi