Aİ Türkiyə ilə sazişin ikinci ildönümü ərəfəsində nə ilə öyünəcək?
Berlin, 19 mart, AZƏRTAC
İki il bundan əvvəl, 2016-cı il martın 20-də qüvvəyə minmiş sazişə görə Türkiyə qaçqınların Avropa İttifaqına yolunu bağlamalı idi. Lakin ekspertlər belə hesab edirlər ki, həmin sazişdə nəzərdə tutulan məqsədə çatmaq mümkün olmayıb.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı ilə Türkiyə arasında saziş miqrasiya böhranın tənzimlənməsi məsələsində avropalı siyasətçilərin riyakarlığı nümunəsi olub. Rəsmi Brüssel ictimaiyyəti inandırmağa çalışır ki, guya bu saziş uğurlu olub, əslində isə vəziyyət tamam fərqlidir.
Həmin sazişə əsasən Avropa İttifaqı öz üzərinə öhdəlik götürürdü ki, Suriyadan Aİ-yə qeyri-leqal şəkildə (yəni qaçaqmalçıların qayıqlarında) gəlmiş və sonradan Aİ hüdudlarından çıxarılmış hər bir miqrantın əvəzinə Türkiyədən bir suriyalı qaçqını leqal şəkildə qəbul edəcək. Sözdə hər şey çox yaxşı görünür, real həyatda isə əsla belə deyil. Avropa Komissiyasının rəsmi statistikasına görə, həmin saziş qüvvəyə mindiyi vaxtdan bu günə qədər Aİ Türkiyə ərazisindən 12500-ə yaxın miqrant qəbul edib, eyni zamanda Aİ ərazisinə qeyri-leqal şəkildə gəlib çatmış 2100-ə yaxın miqrant geriyə, Türkiyəyə yola salınıb.
Əslində bu o deməkdir ki, sazişdə təsbit olunmuş 1:1 nisbəti əvəzinə Aİ Türkiyəyə geri qaytarılan adamların sayından 6 dəfə çox miqrant qəbul edib. Yeri gəlmişkən, buna görə məsuliyyət Ankaranın yox, Brüsselin üzərinə düşür: Ege dənizindəki yunan adalarında qaçqınlar üçün düşərgələrdə müraciətlərə baxmağa macal tapmırlar.
Türkiyə müəyyən tədbirlər görüb - məsələn, Türkiyəyə bu qədər çoxsaylı qaçqınların gəlməməsi üçün Suriya ilə sərhəddə tikanlı məftil hasarı çəkib. Lakin əvvəlki kimi yenə də belə sərhədləri aşmaq mümkündür və Aİ-yə qeyri-leqal miqrantların sayı yenə artır. Avropadakı ESI elmi-tədqiqat mərkəzinin müşaviri və Aİ ilə Türkiyə arasında sazişin müəllifi Gerald Knaus etiraf edib ki, təkcə 2017-ci ilin ikinci yarısında Egey dənizindən Yunanıstana təxminən 20.000 miqrant gəlib. Bu, ilin birinci yarısında oraya gəlmiş insanların sayından 2 dəfədən də çox artıqdır.
2015-ci ildə AFR kansleri Angela Merkel “humanitar fəlakət”ə yol verilməməsi üçün bütün tədbirlərin görüləcəyini vəd edib, sonda Almaniyanın sərhədlərini bağlamamağı qərara alıb. Türkiyə ilə saziş bağlanması nəticəsində insanlara vurulmuş zərər fonunda bu bəyanat hədsiz saymazyanalıq kimi görünə bilər. “Caritas” xeyriyyə təşkilatının məlumatlarına görə, hazırda Yunanıstan adalarında 13.000 uşaq, qadın və kişi var. İnsan əlindən tərpənmək mümkün olmayan bu düşərgələrdə ümidsiz vəziyyət yaranıb. Yunanıstana məxsus adadakı Morıya düşərgəsində martın ortalarında polislə qaçqınlar arasında yenidən münaqişə yaranıb. Bu məsələmin Türkiyəyə heç bir aidiyyəti yoxdur.
Angela Merkel və onun avropalı həmkarları son iki ildə qaçqınlar üçün düşərgələrdə humanitar vəziyyəti yaxşılaşdırmaq əvəzinə immiqrantları Avropanın hüdudlarından çıxarmaq üçün əllərindən gələni ediblər - orada həmin insanların iztirabları daim telekameraların hədəfində olmayacaq.
Sazişin bu qədər aşkar qüsurlarına baxmayaraq istər Brüsseldə, istər Berlində, istərsə də Afinada alternativ variantlar hazırlanması ilə ciddi məşğul olmurlar. Əksinə, bu həftə Avropa komissiyası Türkiyə üçün daha 3 milyard avro ayrılması barədə qərar qəbul edib. Beləliklə, 2018-ci ilin sonuna qədər qaçqınların sayının daha artmasının qarşısını Türkiyənin köməyi ilə almaq imkanı Avropa İttifaqına üst-üstə 6 milyard avroya başa gələcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin