AİB-in illik sammitinin iştirakçıları ticari müharibələr və proteksionizmə qarşı çıxış ediblər
Tokio, 5 may, AZƏRTAC
Cənub-Şərqi Asiya ölkələri və həmçinin Yaponiya, Çin və Cənubi Koreyanın maliyyə rəhbərləri Asiya İnkişaf Bankının (AİB) Manilada keçirilən illik sammitində regionun iqtisadi inkişafına təsir edən ticari müharibələrin və proteksionizmin əleyhinə olduqlarını bildiriblər.
AZƏRTAC xəbər verir ki, görüşdə iştirak edən ASEAN+3 ölkələrinin maliyyə nazirləri və mərkəzi bankların rəhbərləri ticarətdə proteksionizm halları və geopolitik gərginliyin yüksəlməsi fonunda qlobal maliyyə şərtlərinin gözlənildiyindən daha tez kəskinləşməsi ilə əlaqədar risklərin artması məsələlərini müzakirə ediblər.
Görüşün nəticəsi olaraq qəbul edilən birgə bəyanatda deyilir: “Biz proteksionizmin bütün formalarına qarşı birgə mübarizənin əhəmiyyətini xüsusi qeyd edirik”.
Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Cənubi Koreya Baş nazirinin müavini, strategiyalar və maliyyə naziri Kim Donq Yon bildirib ki, regionda baş verən müsbət iqtisadi tendensiyalar arasında iki qeyri-müəyyənlik var. Bunlar maliyyə bazarlarının dəyişkənliyi və xarici siyasətin yayılmasıdır.
“Ticari süründürməçiliyin artması, regional və qlobal iqtisadi inkişafa, o cümlədən xarici ticarətdən asılı olan regional iqtisadiyyata mənfi təsir göstərə bilər”, - deyə o vurğulayıb.
K.D.Yon qeyd edib ki, görüşdə belə potensial risklərin qarşısını almaq üçün fasiləsiz tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
Söhbət zamanı iştirakçı ölkələr keçən həftə baş tutan koreyalararası sammitin nəticələrini də yüksək qiymətləndiriblər. Bununla bağlı iştirakçıların qəbul etdiyi birgə bəyanatda deyilir: “Görüş iştirakçıları regiondakı geopolitik gərginliyin bundan sonra da azalacağına ümid edirlər”.
ASEAN+3-ün Makroiqtisadi Araşdırmalar İdarəsinin məlumatına görə, quruma daxil olan 13 ölkədə cari ildə ümumi artım 5,4 faiz, gələn il isə 5,2 faiz həddində gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio