CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin Goranboyda vətəndaşları qəbulunun vaxtı dəyişdirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova tərəfindən vətəndaşların aprelin 25-də Goranboy şəhərində nəzərdə tutulmuş qəbulun vaxtı dəyişdirilmişdir.
AQUPDK-dan AZƏRTAC-a bildirmişlər ki, Hicran Hüseynovanın növbəti qəbulu aprelin 15-də Goranboy şəhərində keçiriləcəkdir.
Qəbulda Goranboy, Tərtər, Füzuli, Xocavənd, Bərdə, Ağcabədi, Ağdam, Laçın, Xocalı rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Qəbulda ailələri daha çox narahat edən problemlər, xüsusilə qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək, işlə təminat, alimentlərin ödənilməsindəki çətinliklər, qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlərə baxılacaqdır.
Qəbula gəlmək istəyən vətəndaşlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kadr və kargüzarlıq şöbəsinə (əlaqə telefonu: (012) 4980092) və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilərlər.