İQTİSADİYYAT
“AITF-2014” sərgisində Naftalan neftinin dünyada məşhur olan müalicəvi xüsusiyyətləri nümayiş etdiriləcəkdir
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 3-dən 5-dək Bakı keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər (“AITF- 2014”) sərgisində tibb və spa sektoru geniş şəkildə nümayiş etdiriləcəkdir.
Sərginin təşkilatçısı “İteca Caspian” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan, Almaniya, Yunanıstan, Litva, Rusiya, Sloveniya və Türkiyənin tibb mərkəzləri, habelə kurort və sanatoriyaları müalicəvi-sağlamlaşdırma və spa turizmi sahəsində ən yeni nailiyyətlərini nümayiş etdirəcəklər.
“Sarafianos Private Clinic” (Yunanıstan), “UAB SK Imeks Meditinos” (Litva) və “MAX Grundig Klinik Bühlerhöhe” (Almaniya) kimi məşhur klinikalar isə builki sərginin debütantlarıdır. Rusiyanı bu sərgidə Azərbaycanda yaxşı tanınan Qafqaz mineral sularının sanatoriyaları (“Tsentrosoyuz-Kislovodsk”, “Rodnik”, “Rossiya”, “Maşuk”, “Şaxtyor”, “Rus”, “Metallurq”, “Moskva” və s.) təmsil edəcəklər.
“Chinar SPA Naftalan” və “Naftalan Hotel by RIXOS” kimi Azərbaycan sanatoriyaları Naftalan neftinin dünyada məşhur olan müalicəvi xüsusiyyətlərini nümayiş etdirəcəklər. Həmçinin Litva (“Lithuanian Medical Tourism Cluster” - “LITCARE”) və Türkiyənin (“Turkish Healthcare Travel Council”) tibbi turizm üzrə ixtisaslaşan iri təşkilatları da bu sərgiyə qatılacaqlar.