Akademik: Ermənilər nə qədər saxtakarlıq etsələr də, 5 min ildən artıq tarixi olan əlyazmalarımıza gedib çata bilməzlər

Bakı, 22 aprel, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə keçirdiyi “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri” mövzusunda konfrans mühüm bir mövzuya həsr edilib. Əlyazma insan zəkasının ən böyük kəşflərindən biridir. Tarixdə müxtəlif inqilablar, məsələn, sənaye inqilabı olub. Yazının da kəşf olunması bu inqilablardan biridir. Əlyazma təkcə kağız üzərində deyil, müxtəlif materiallar üzərində, məsələn, daş, xalça, parça üzərində ola bilər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli söyləyib. Onun sözlərinə görə, konfransda erməni saxtakarlığının əlyazmalar əsasında sübut olunması onu göstərir ki, bizim əlyazma xəzinəmiz olduqca geniş və zəngindir və həmin materialların əsasında biz erməni saxtakarlığını sübut edə bilirik.
Akademik Teymur Kərimli bildirib ki, Əlyazmalar İnstitutunda 12 mindən artıq əlyazma qorunur. Bunlar ərəb, fars, türk dillərindədir. Alim diqqətə çatdırıb ki, bizim əlyazma tariximizin qaynağı, mənbəyi Qobustan qayalarıdır. Qobustan qayalarındakı müxtəlif şəkillər, işarələr – bunlar da əlyazmalardır.
“Ermənilər nə qədər saxtakarlıq etsələr də, 5 min ildən artıq tarixi olan əlyazmalarımıza gedib çata bilməzlər. Bugünkü konfransda qeyd olunduğu kimi, ermənilər çox vaxt əlyazmaları saxtalaşdırırlar. Əlyazma özü yoxdur. Guya olub, bunu köçürüblər. Bu, erməni saxtakarlığıdır. Bir misal deyim. Sasunlu David əfsanəsi – guya XIX əsrdə bir erməni ziyalısı gedib hansısa bir kənddən toplayıb. Kəndli nə bilirdi ki, Sasunlu David kimdir? Bağdad haradır? Deməli, bu, saxtakarlığın bir əlamətidir.
Bugünkü konfrans onu göstərir ki, bu sahədə biz həmişə irəlidəyik və irəlidə də olacağıq. Bizim həqiqətlər dünya tərəfindən qəbul olunur və olunacaq”, - deyə akademik Teymur Kərimli bildirib.