AKADEMİK MƏMMƏD ƏLİYEV “ROSSİYSKAYA NATSİYA” ORDENİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tanınmış onkoloq həkim, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Rusiya Federasiyası İctimai Palatasının üzvü, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev “Rossiyskaya natsiya” ordeninə layiq görülmüşdür.
Bu orden “Rossiyskaya natsiya” Ümumrusiya İctimai Birlikləri İttifaqının 2008-ci ildə təsis etdiyi ümummilli ictimai mükafatdır. “Rossiyskaya natsiya” ideya-siyasi anlayışı sosial və peşə statusundan, yaşından, etnik və dini mənsubiyyətindən, siyasi baxışlarından, yaşadığı yerdən və digər amillərdən asılı olmayaraq rusiyalıların vətəndaş-siyasi və mənəvi birliyini təcəssüm etdirir.
Statusa müvafiq olaraq, bu ordenlə Rusiya milləti və dövləti qarşısında xüsusi xidmətlərinə, milli birliyin təmin edilməsi, Rusiya dövlətçiliyinin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, sosial-iqtisadi inkişaf, etnoslararası və konfessiyalararası razılığın qorunub saxlanması, ksenofobiya və ekstremizmin profilaktikası, rus dilinin, Rusiya xalqlarının ənənəvi mədəniyyətlərinin və dillərinin dəstəklənməsi, Vətənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfəyə görə Rusiya vətəndaşları, bələdiyyə təsisatları, müəssisə və təşkilatlar təltif olunurlar.
Ordeni Mükafat Şurasının sədri, Federasiya Şurası sədrinin müavini Aleksandr Torşin təqdim etmişdir. O, təqdimat mərasimində çıxış edərək, Rusiya vətəndaşlarının xidmətlərinin ictimai təsdiqi, onların nailiyyətlərinin Vətənin vahid ümummilli uğuruna töhfə kimi qəbul olunması üçün nüfuzlu təsisat yaradılmasının vacibliyini vurğulamışdır.