ELM VƏ TƏHSİL
Akademik: Qarabağ Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbiri açan Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı qarşılığında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qəhrəman əsgər və zabitlərimizin bütün cəbhəboyu əks-hücuma keçdiklərini, düşmən qüvvələrini darmadağın etdiklərini və nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdiklərini deyib.
Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını söyləyən institut direktoru Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini, bu Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.
Akademik G.Baxşəliyeva Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu, torpaqlarımızı öz qanı-canı bahasına azad edən qəhrəman şəhidlərimizin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini deyib.
Tədbirdə, həmçinin Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi dosent Sübhan Talıblı, direktor müavini, Vətən müharibəsi iştirakçısı Pərviz Ağayev, Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev çıxış ediblər.
Vurğulanıb ki, ölkəmiz bu tarixi Qələbəni Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, hərb strategiyası, müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, hərb meydanında göstərdikləri qəhrəmanlıqları sayəsində əldə edib. Qarabağ Zəfəri nəticəsində xalqımız dünyada qaliblər sırasında yer alıb.