Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib







Bakı, 28 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə reallaşıb. Konfransda Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən gəlmiş oftalmoloqlarla yanaşı, Rusiya, Türkiyə, İtaliya, Gürcüstan və digər ölkələrdən tanınmış mütəxəssislər də iştirak ediblər.
Milli Oftalmologiya Mərkəzində keçirilən konfrans oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və tibbi texnologiyaların müzakirəsi, yerli və xarici mütəxəssislərin təcrübə mübadiləsi üçün mühüm platforma olub. Konfrans oftalmologiyanın aktual məsələləri, yeni diaqnostika və müalicə metodlarının təhlili, eyni zamanda, gələcək hədəflərin müəyyən edilməsi məqsədi daşıyıb.
Tədbirdə Türk Oftalmoloji Dərnəyinin fəxri prezidenti Sunay Duman “Akademik Zərifə Əliyevanın işığında oftalmologiyanın gələcəyi”, Milli Oftalmologiya Mərkəzinin direktor müavini tibb elmləri doktoru, dosent Hicran Namazova “Akademik Zərifə Əliyevanın zəngin elmi irsi və müasir oftalmologiyanın inkişafı”, Türk Oftalmoloji Dərnəyinin rəhbəri professor Hüban Atilla isə “Ambliopiya: yeni müalicə üsulları” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda “Akademik Zərifə Əliyevanın işığında oftalmologiyanın gələcəyi”, “Paul qlaukoma implantı, qısamüddətli nəticələr”, “SMILE PRO - lazer görmə korreksiyasının innovativ üsulu”, “Azərbaycanın regionlarında uveitin epidemiologiyasının təzahürləri”, “Tor qişanın vitreoretinal cərrahiyyəsi: qeyri-standart hallar”, “Oftalmoloji yardımın III etapında göz travmatizmi ilə bağlı təcili və təxirəsalınmaz müraciətlərin regional xüsusiyyətləri” və s. mövzularda nəzəri biliklər və praktik təcrübə təqdim olunub. Elmi diskussiyalar oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına zəmin yaradıb.
Qeyd edək ki, akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb. Onun elmi fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Zərifə xanım Əliyeva öz elmi fəaliyyəti ilə Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın tədqiqi və aradan qaldırılması, həmçinin peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində xüsusi elmi töhfələr verib. O, “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” kimi fundamental əsərlərin müəllifidir. Ümumilikdə 150 elmi işi, 12 monoqrafiyası və 12 səmərələşdirici təklifi ilə Azərbaycan tibb elminə əvəzolunmaz töhfələr verib. Onun adı bu sahədə yetişmiş bir çox yüksəkixtisaslı mütəxəssisin formalaşmasında xüsusi hörmətlə çəkilir.