AKADEMİKİN QƏBİRÜSTÜ ABİDƏSİNİN AÇILIŞI OLMUŞDUR
Gəncədə Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının keçmiş rektoru Məmmədtağı Cəfərovun qəbirüstü abidəsinin açılışı olmuşdur.
Respublikanın tanınmış ziyalılarının, akademikin yaxın dostlarının, eləcə də şəhər ziyalılarının iştirakı ilə keçirilən açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, AMEA-nın həqiqi üzvləri - Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Siddiqə Məmmədova və akademiyanın müxbir üzvü Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov və başqaları çıxış edərək, Məmmədtağı Cəfərovla bağlı xatirələrini danışmışlar.
Qeyd olunmuşdur ki, əmək fəaliyyətinə 1959-cu ildə başlayan M.Cəfərov bütün ömrünü Kənd Təsərrüfatı Akademiyasına bağlamış, burada asissent, dosent, professor, ən nəhayət, ömrünün sonunadək rektor vəzifələrində çalışmışdır. Kənd təsərrüfatına bir çox töhfələr vermiş tanınmış alim 20-dən artıq elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. Bir çox beynəlxalq akademiyaların və cəmiyyətlərin üzvü olan Məmmədtağı Cəfərov həm də dövlətçiliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyası siyasi şurasının ən fəal üzvlərindən biri olmuşdur.
Mərasim iştirakçıları akademikin ailə üzvləri ilə birlikdə abidənin üzərindən ağ örtüyü götürdükdən sonra şəhər axundu mərhumun ruhuna dua oxumuşdur.