MƏDƏNİYYƏT
Akif Marifli: Bu il Türkiyədə gerçəkləşəcək İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycan “fəxri qonaq” ölkə statusunda iştirak edəcək

Bakı, 21 oktyabr, Emil Məlikov, AZƏRTAC
Bildiyimiz kimi ölkəmizdə VIII Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Nazirliyin təşkilatçılığı ilə keçirilən builki kitab sərgisi miqyasına, ziyarətçi sayına, eyni zamanda digər ölkələrdən daha çox naşirlərin iştirakına görə ötən illərdəkindən fərqlənirdi. Bu il sərgidə keçən illə müqayisədə 6 mindən çox kitabsevər iştirak edib. Müqayisə üçün deyək ki, ötən il 31 min iştirakçı vardısa bu il həmin rəqəm artıq 40 minə yaxın idi.
AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib.
Keçən il keçirilən VII Bakı Kitab Sərgisinin Azərbaycanda kitab sənayesi sahəsində bir dönüş nöqtəsi olduğunu vurğulayan şöbə müdiri deyib: “Bu, bir çox naşirlərdə stimul yaradaraq, çoxsaylı müəlliflərin aşkarlanmasına şərait yaratdı. Builki sərgimiz də çox möhtəşəm oldu və bu, yaşadığımız coğrafi regionun ən böyük, genişmiqyaslı kitab sərgisi idi. VIII Bakı Beynəlxalq Kitab Sərgisində 4 qitəni özündə birləşdirən 16 ölkədən olan naşirlər iştirak edirdilər. Qardaş ölkə Türkiyə builki sərgiyə 37 naşirlə təşrif buyurmuşdu. Bu il həmçinin Bakıdakı sərgidə Türkiyə “fəxri qonaq” statusunda iştirak edirdi.
Akif Marifli diqqətə çatdırıb ki, bu ilin dekabr ayında Türkiyədə gerçəkləşəcək İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycan da “fəxri qonaq” ölkə statusunda təmsil olunacaq.
Hər ay naşirlərlə mütəmadi görüşlərin keçirildiyini qeyd edən A. Marifli artıq 2 il əvvəl mədəniyyət nazirinin dəstəyi ilə ölkədə olan naşirləri bir araya gətirərək Azərbaycan Naşirlər İctimai Assosiasiyasının yaradılmasından danışıb: “Naşirlərlə görüşlər çərçivəsində belə bir layihə müəyyənləşdirmişik ki, müəlliflər lokal sərgiləri özləri keçirəcək və Mədəniyyət Nazirliyi də bu işdə onlara dəstək verəcək. Biz artıq belə təşəbbüslərin sayəsində ölkədə olan kitab sənayesində irəliləyiş müşahidə edirik”.