İDMAN
“Akkord” ölkə çempionatına böyük hesablı qələbə ilə başlamışdır
Bakı, 14 aprel (AZƏRTAC). Aprelin 14-də Bakı Otüstü Hokkey Kompleksində otüstü hokkey üzrə XI Azərbaycan çempionatının ilk oyununda yüksək dəstədə çıxış edən klublar mübarizə aparmışlar.
AZƏRTAC xəbər verir ki, birinci turun start oyununda ötənilki çempion “Akkord” və 16 yaşlılardan təşkil olunmuş Sumqayıtın “Gənclik” komandaları qarşılaşmışlar.
Baş məşqçi Feyzulla Rəhimbəyovun rəhbərlik etdiyi şirkət təmsilçiləri yeniyetmələri 6:0 hesabı ilə məğlubiyyətə uğratmışlar. Rəqib qapısına vurulan topların hamısının müəllifi Saleh Balamiyevdir.
Turun ikinci görüşündə isə ötən ilin gümüş və bürünc mükafatçıları - Bakının “Atasport” və Qusarın “Şahdağ” klubları qarşılaşmışlar. Yalçın Qayıbov 1-ci hissədə şimal bölgəsi hokkeyçilərini hesabda irəli çıxarsa da fasilədən sonra paytaxt təmsilçiləri Nəsrəddin Hüseynovun sona 5 dəqiqə qalmış vurduğu qolla hesaba tarazlıq gətirmişlər. Matç 1:1 hesabı ilə başa çatmışdır.
Qadın komandaları arasında keçirilmiş yeganə oyunda ötənilki çempion - “Bakı” “Xəzər”i (Lənkəran) 11:0 hesabı ilə ağır məğlubiyyətə uğratmışdır. Topları rəqib qapısından Aygün Muxtarova (6), Gülər Aydınlı (3), Nərgiz Novruzova (1) və Xalidə Zeynalova (1) keçirmişlər.
Birinci turun digər görüşləri aprelin 15-də oynanılacaqdır.