ELM VƏ TƏHSİL
“Alaş dövrü ədəbiyyatı: inteqrativ folklorşünaslıq və yeni elmi paradiqma” – konfrans
Bakı, 24 oktyabr, AZƏRTAC
Qazaxıstanın Astana şəhərində “Alaş dövrü ədəbiyyatı: inteqrativ folklorşünaslıq və yeni elmi paradiqma” mövzusunda elmi-praktik konfrans keçirilib.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Nailə Əliyeva konfransa onlayn qoşularaq “Mirzə Fətəli Axundzadə yaradıcılığının Nizami muzeyinin ekspozisiyasında təqdimi və onun qazax ədəbiyyatına təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Məruzəçi bildirib ki, maarifçilik dövrünün parlaq siması, milli dramaturgiyanın və ədəbi tənqidin banisi, Azərbaycan teatrının inkişafında əvəzsiz xidmətləri olmuş Mirzə Fətəli Axundzadənin ədəbi fəaliyyəti qazax ədəbiyyatına da təsir edib. Onun “Aldanmış kəvakib” əsərinin təsiri ilə Alaş Orda dövlətinin üzvlərindən olan görkəmli qazax şairi və pedaqoqu, turançılıq hərəkatının Qazaxıstandakı ideoloqlarından Mağcan Cumabayev 1924-cü ildə “Jusup xan” (“Yusif xan”) poemasını yazıb.
İnstitutun əməkdaşı, həmçinin Qazax-Azərbaycan xalqlarının ortaq ədəbi köklərindən, ümumtürk dastanlarından, müasir dövrdə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən danışıb.
Akademik Dixan Kamzabekulu məruzədən məmnun qalaraq konfrans materialının Qazaxıstanda nəşr olunan “Prostor” jurnalında dərc edilməsini təklif edib.