SİYASƏT
Albaniyanın Baş naziri: İqlim dəyişmələri ilə mübarizədə konkret tədbirlərə və birgə fəaliyyətə ehtiyac var
Bakı, 13 noyabr, AZƏRTAC
Son illərdə karbon emissiyasının həcmi əhəmiyyətli dərəcədə artıb. İqlim dəyişmələri ilə mübarizədə təkcə sözlər kifayət etmir, ciddi irəliləyiş üçün konkret tədbirlərə və birgə fəaliyyətə ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Albaniyanın Baş naziri Edi Rama Bakıda keçirilən COP29-da çıxışında deyib.
O, karbon emissiyasının ildən-ilə artdığını vurğulayaraq bildirib: “Mən Avropanın mərkəzində kiçik bir ölkə olan Albaniyadan gəlirəm və qürurla deyirəm ki, biz 100 faiz bərpaolunan enerjidən istifadə edirik. Təbiəti ən çox çirkləndirən ölkələr işlərinə əvvəlki kimi davam etsələr, bu, dünyanın gələcəyi üçün nə deməkdir? Əgər ümumi siyasi iradə yoxdursa, nə üçün bu cür görüşlərə qatılırıq? Niyə ancaq sözlərlə kifayətlənib real addımlar atmırıq?”.
Albaniyanın bərpaolunan enerji istehsalında qazandığı uğurlardan danışan Edi Rama dünyanın hələ də qlobal istiləşməni dayandıra bilmədiyini vurğulayıb. O, həmçinin bəzi böyük ölkələrin iqlim dəyişikliyi məsələsində ciddi siyasi iradə göstərə bilmədiyini vurğulayıb: “Bu, getdikcə daha çox parçalanmış və qarışıq bir dünyanı əks etdirən vəziyyətdir. Gözəl sözlər və bəyannamələr kifayət etmir. Artıq sözlərdən real fəaliyyətlərə keçməyin vaxtıdır”, - deyə Edi Rama bildirib.
Baş nazir çıxışını Məhəmməd Peyğəmbərin sözləri ilə bitirib: “Əgər qiyamətin qopacağını bilsəniz və əlinizdə bir fidan olsa, onu qiyamət qopmadan əkməyi bacarırsınızsa əkin!”.