SİYASƏT
Aleksandar Vuçiç: Qlobal mövzulardan birinə həsr olunan COP29-da Serbiyanı təmsil etməkdən şərəf duyuram
Belqrad, 12 noyabr, AZƏRTAC
Ən mühüm qlobal mövzulardan birinə - iqlim dəyişikliyinə həsr olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Serbiyanı təmsil etməkdən şərəf duyuram.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç noyabrın 12-də Bakıda COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
“Bu gün burada olmaq, iqlim dəyişikliyi problemlərinin və planetimizin gələcəyinin müzakirəsi üçün ən yüksək rəsmiləri bir araya gətirən Sammitdə iştirak etmək böyük şərəf və məsuliyyətdir. Bununla belə, iqlim dəyişikliyi ilə mübarizə məsələsini həll etmək üçün bizim bir neçə ilkin şərtimiz var. Birincisi, biz dünyada sülhü bərpa etməliyik. Bu gün heç kim sülh sözünü sevmir, çünki hamı digərini məğlub etmək istəyir. Ona görə də biz sülh üçün çalışmalı, quraqlıq, daşqın, meşə yanğınları, havanın və suyun çirklənməsi ilə mübarizə aparmalıyıq, amma ondan əvvəl sülhü bərqərar etməliyik”, - deyə Aleksandar Vuçiç qeyd edib.
Serbiya Prezidenti bütün böyük dövlətləri Ukraynada, Yaxın Şərqdə və dünyanın hər yerində problemləri həll etməyə çağırıb: “Çünki yalnız bundan sonra biz bütün digər problemləri həll edə biləcəyik. Böyük və zəngin ölkələr həmişə olduğu kimi problem yaradır, kasıb və kiçik ölkələr bunun bədəlini ödəyir. Buna görə də hesab edirəm ki, bizim zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə kömək etmək üçün yeni maliyyə alətləri tapmağımız son dərəcə vacibdir. Bir daha böyük və zəngin ölkələri kasıb ölkələrə kömək etməyə çağırıram. Nəhayət bizim irsimiz və gənclərə qoyduğumuz irs ədalətli, davamlı cəmiyyət və dünya yaratmaqdır. Bu, beynəlxalq birlik olaraq planetimizi gələcək nəsillər üçün qorumaqda məsuliyyət və həmrəylik nümayiş etdirməli olduğumuz məqamdır. Serbiya iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə qoşulur. Milli strategiyalarımız və siyasətlərimiz vasitəsilə biz karbon emissiyalarını azaltmaq, enerji səmərəliliyini təşviq etmək, biomüxtəlifliyi qorumaq və yaşıl enerjiyə keçidin təşviqi üçün işimizi davam etdiririk. Qoy bu sammit xatırlatma olsun: çətinliklərə baxmayaraq, bizim kursu dəyişmək, planetin xilası və hamı üçün daha yaxşı gələcəyi təmin etmək üçün gücümüz var”.
Aleksandar Vuçiç COP29-da dünya liderləri və ekspertləri ilə zərərli qazların emissiyalarının azaldılması, təbii ehtiyatların qorunması və iqlim problemlərinə uyğunlaşma üçün davamlı həll yollarını müzakirə etdiyini bildirib. Qeyd edib ki, biz ümumi gələcəyimiz üçün təhlükə yaradan böyük çağırışlar, fəlakətli qlobal istiləşmə və iqlim dəyişikliyi dövründə yaşayırıq. Məhz buna görə də COP29 Sammiti ölkələr üçün öz iqlim məqsədlərini gücləndirmək və ekoloji davamlılıq istiqamətində konkret addımlar göstərmək üçün əla fürsətdir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad