DÜNYA
Aleksandr Lukaşenko 2014-cü ili Belarusda Qonaqpərvərlik İli elan etmişdir
Bakı, 28 dekabr (AZƏRTAC). 2014-cü il Belarusda Qonaqpərvərlik İli elan edilmişdir. Bu barədə respublikanın prezidenti Aleksandr Lukaşenko fərman imzalamışdır.
Sənəddə deyilir: “Turizmin inkişaf etdirilməsi, Belarusun coğrafi vəziyyəti, təbii, tarixi və mədəni sərvətləri nəzərə alınmaqla müasir turizm infrastrukturu yaradılması, vətəndaşlarda vətənpərvərlik qüruru və vətənə hörmət hissləri tərbiyə edilməsi məqsədilə 2014-cü il respublikada Qonaqpərvərlik İli elan edilmişdir”.
Belarus hökumətinə yerli hakimiyyət orqanları ilə birlikdə Qonaqpərvərlik ilinin keçirilməsinə aid respublika tədbirlər planı işləyib hazırlamaq və təsdiq etmək barədə tapşırıq verilmişdir.
Fərmanda vurğulanır ki, Qonaqpərvərlik İlinin elan edilməsi “Hakimiyyətin və vətəndaşların səylərini Belarusun turizm imkanlarının inkişaf etdirilməsi və onlardan səmərəli istifadə, respublikanın alman faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümünü bayram etməyə gələcək xarici qonaqların yüksək səviyyədə qəbulunun təşkil edilməsinə, xokkey üzrə dünya çempionatı, digər beynəlxalq tədbirlər keçirilməsinə şərait yaradacaqdır”.