Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasına start verilib
Xırdalan, 29 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Artıq 13-cü ildir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası keçirilir. Bilik yarışı 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunur. Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.
AZƏRTAC xəbər verir ki, Bakı Mühəndislik Universitetində (BMU) reallaşan olimpiadanın açılış mərasimində təşkilatçı qurumların nümayəndələri iştirak ediblər.
BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin ölkəmizdə İT və innovasiya sahələrinə diqqətindən danışıb, olimpiadanın əhəmiyyətini vurğulayıb.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə İnnovasiyalar Mərkəzinin yaradılmasını dövlətin bu sahəyə və İT mütəxəssislərinə olan diqqətinin bariz nümunəsi kimi dəyərləndirib, nazirliyin İT sahəsinin inkişafı istiqamətində gördüyü işlər və uğurlar barədə ətraflı məlumat verib.
Çıxışında olimpiadanın tarixinə nəzər salan Elmir Vəlizadə ötən illərdə hər il orta hesabla 15-20 ali təhsil müəssisəsindən 40-50 komandanın (160-200 iştirakçı) olimpiadanın birinci mərhələsinə qoşulduğunu qeyd edib. “Bu il isə respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda qeydiyyatdan keçib və olimpiadada iştirak hüququ qazanıb”, - deyən nazir müavini paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin bu il olimpiadaya xüsusi maraq göstərdiyini vurğulayıb.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Rəşid Ələkbərov ölkədə aparılan gənclər siyasətinin uğurlarından danışıb, olimpiadanın tələbələrdə intellektual qabiliyyət, alqoritmik düşüncə və kollektiv işləmə bacarığı formalaşdırdığını diqqətə çatdırıb.
BMU-nun baş müəllimi Etibar Seyidzadə olimpiada iştirakçılarına müsabiqənin şərtlərini və qaydalarını izah edib, onların suallarını cavablandırıb.
Bildirilib ki, olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində “www.olimpiada.az” saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda olimpiadanın birinci mərhələsinə buraxılır.
Sonra ümumrespublika olimpiadasına start verilib.
Qeyd edək ki, olimpiada beynəlxalq “ACM ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan olunacaq.
Olimpiadanın növbəti (final) mərhələsi mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.