ALİMLƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XALQIMIZ QARŞISINDA MİSİLSİZ XİDMƏTLƏRİNİ BİR DAHA XATIRLAMIŞLAR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı konfrans keçirilmişdir.
İnstitutun direktoru, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov çıxış edərək, xalqımızın dahi oğlu Heydər Əliyevin ölkəmizin inkişafında misilsiz xidmətlərindən danışmışdır. Natiq respublikamızın keçmiş SSRİ-nin tərkibində olduğu 1970-80-ci illəri xatırladaraq, hələ o dövrdə ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanın hər sahədə tərəqqi etdiyini bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, həmin illərdə Azərbaycanın inkişafı üçün çox böyük potensial baza yaradılmışdır. Xalqımızın taleyüklü məsələlərinin həlli bu böyük azərbaycanlının adı və fəaliyyəti ilə bağlıdır.
Müstəqillik qazanıldıqdan sonra ölkəmizdə dövlət quruculuğu sahəsində əldə edilmiş uğurlardan bəhs edən natiq ümummilli liderimizin məqsədyönlü siyasəti sayəsində Azərbaycanın bu gün beynəlxalq aləmdə özünəlayiq yer tutduğunu söyləmişdir.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov, akademik Maqsud Əliyev, AMEA-nın müxbir üzvü Bahadır Tağıyev müstəqil dövlətçiliyimizin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında ulu öndərin müstəsna rolundan danışmış, onun siyasi xəttinin ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən əzm və qətiyyətlə davam etdirildiyini bildirmişlər.
Natiqlər müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin iqtisadiyyatımızın, elmimizin, təhsilimizin, mədəniyyətimizin tərəqqisindəki müstəsna xidmətlərindən geniş söhbət açmışlar.