MƏDƏNİYYƏT
Almandilli ölkələrin turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri təşkil edilib
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə noyabrın 29-dan dekabrın 6-dək Almaniya, Avstriya və İsveçrənin 14 turizm şirkətinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində ikitərəfli əlaqələrin yaranması və əməkdaşlığın təşviq edilməsi məqsədilə 35-ə yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.
Səfər müddətində almandilli ölkələrin turizm şirkətlərinin nümayəndələri Bakının turizm əhəmiyyətli yerləri ilə yanaşı, Şəki və Qəbələni ziyarət edib, mədəni, tarixi, təbiət turizmi üzrə məhsullarla tanış olublar.
2024-cü ilin yanvar-noyabr aylarında Almaniya, Avstriya və İsveçrədən ümumilikdə Azərbaycana 25 min 599 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artım deməkdir.