ALMANİYADA AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, mayın 8-də Azərbaycanın Almaniyadakı səfirliyi Almaniya Bundestaqında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycanın memarı” mövzusunda təntənəli mərasim keçirmişdir.
Mərasimdə Almaniya hökumətinin, o cümlədən Almaniya Kansler Aparatının, XİN-in yüksək səviyyəli nümayəndələri, Almaniya Bundestaqının üzvləri, bu ölkədə akkreditə olunmuş səfirliklərin, qeyri-hökumət təşkilatlarının, beyin mərkəzlərinin, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
Tədbirin giriş hissəsində ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov mərasim iştirakçılarını salamlamış və xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq tədbirə gələnlərə təşəkkür etmişdir. Sonra səfir ümummilli liderin zəngin həyat yolundan, uzun illər Azərbaycanın inkişafı naminə yürütdüyü siyasətdən, o cümlədən regionun tərəqqisi üçün əvəzedilməz xidmətlərindən geniş bəhs etmişdir. Səfir dövlətçiliyimizin banisi Heydər Əliyevin əsas məqsədlərindən birinin ölkədə hüquqi dövlət qurulmasının olduğunu qeyd edərək, müasir müstəqil Azərbaycanın ulu öndərin əsəri olduğunu vurğulamışdır.
Sonra 90-cı illərdə Almaniyanın ATƏT-in Minsk qrupunda nümayəndəsi və Heydər Əliyevlə o vaxtlar sıx təmasda olmuş doktor Frank Lambax çıxış etmişdir. F.Lambax Heydər Əliyevlə bağlı xatirələrindən bəhs etmiş, onun yüksək diplomatik bacarığının, praqmatik və real siyasətçi kimi ustalığının dəfələrlə şahidi olduğunu vurğulamışdır.
Daha sonra Almaniyanın keçmiş dövlət katibi və Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer çıxış edərək, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması yolundakı xidmətlərinin misilsiz olduğunu diqqətə çatdırmışdır. Natiq yaxın tarixdən məlum olduğu kimi, Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olduğunu bildirmişdir. O.Hauzer Heydər Əliyevin misilsiz xidmətləri ilə dünyanın ən böyük, ən mahir siyasətçiləri cərgəsində olmasını Azərbaycan üçün fəxr sayıldığını bildirmişdir.
Mərasimdə Azərbaycan Dövlət Kamera Kvartetinin musiqiçiləri bəstəkarlardan Üzeyir Hacıbəyov, Qara Qarayev, Aqşin Əlizadə və Soltan Hacıbəyovun əsərlərini yüksək ustalıqla ifa etmişlər.
Sonda qonaqlara ziyafət verilmişdir.
Almaniyada Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş daha bir tədbir mayın 10-da Maqdeburq şəhərində keçirilmişdir. Burada səfirliyin dəstəyi ilə Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş boks turniri təşkil olunmuşdur. Maqdeburqda yaşayan soydaşımız Yaşar Niftəliyevin rəhbərliyi altında fəaliyyət göstərən “LNB Maqdeburq” boks studiyasının təşəbbüsü ilə turnirdə Azərbaycan, Almaniya, Rusiya və digər ölkələrdən idmançılar qüvvələrini sınamışlar.