DÜNYA
ALMANİYADA ÇÖRƏK VƏ ÇÖRƏK MƏMULATLARI DA BAHALAŞIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə Almaniya Dövlət Ərzaq və Qida Sənayesi Birlikəri Departamentinin “Hamburger Abendblatt” qəzetində rəsmi məlumatı dərc edilmişdir. Məlumatda bildirilir ki, yaxın günlərdə Almaniyada çörəyin və çörək məmulatlarının da (undan hazırlanan bütün növ qida vasitələrinin) qiyməti nəzərəçarpacaq dərəcədə artırılacaqdır. Məsələn, hazırda bir kiloqramının qiyməti 3 avro olan çörəyin qiyməti üzərinə 15-20, hətta 30 sent vergi əlavə olunacaqdır.
Xatırladaq ki, 2007-ci ilin son dörd ayı ərzində, çörək istisna olmaqla, digər ərzaq və qida məhsullarının qiyməti 28-30 faiz bahalaşmışdır. Alman mətbəxində ən işlək qida vasitələri olan kartof, kələm, kök və s.tərəvəz növlərinin qiyməti 28-30 faiz, meyvənin qiyməti 10-15 faiz, iyul ayında isə ağartı məhsullarının, xüsusilə yağın qiyməti 35-40 faiz qaldırılmışdır.