DÜNYA
ALMANİYADA SİQARET ÇƏKİLMƏSİNİN YASAQ EDİLMƏSİ HAQQINDA QƏRAR QÜVVƏYƏ MİNMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya federal hökumətinin ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında 2007-ci il 28 fevral tarixli Qərarı sentyabrın 1-dən etibarən tam ciddiliyi ilə və heç kimə güzəşt edilmədən, bütün Almaniya ərazisində həyata keçirilməyə başlanmışdır.
Qərara uyğun olaraq, 2007-ci il sentyabrın 1-dən başlayaraq bütün ölkə ərazisində ictimai yerlərdə - federal idarə və müəssisələrdə, parlamentin hər iki palatası - bundestaq və bundesratın binalarında, federal kanslerin və Prezidentin iqamətgahlarında, ictimai nəqliyyat vasitələrində - avtobuslarda, metroda, taksilərdə, dəmir yol qatarlarında, vağzallarda, vağzallar ərazilərindəki gözləmə zallarında və perronlarda, ictimai iaşə obyektlərində, ticarət müəssisələrində, mehmanxanalarda, restoran, kafe və barlarda siqaret çəkilməsi qadağan olunur. Ətraf mühiti çirkləndirməklə yanaşı, insan sağlamlığı üçün ciddi təhlükə yaradan bəlaya qarşı elliklə mübarizə və nəzarət tədbirləri həyata keçirilməyə başlanmışdır. Qərar pozanlar yerindəcə qeyd-şərtsiz 1000 avro məbləğində cərimə olunacaqdır.
Ölkə ərazisində tütün məhsulları istehlakı, siqaretin pərakəndə satışı ciddi nəzarət altında saxlanılır. Belə ki, indiyədək siqaret və digər tütün məhsullarını almaq ixtiyarı 16 yaş həddindən yuxarı gənclərə verilirdisə, hazırda bu yaş həddi 18-dir.
Xatırladaq ki, Avropada birinci olaraq 2004-cü ildə İrlandiya, onun ardınca Norveç, Malta, İsveç, Finlandiya, İtaliya, Makedoniya, İsveçrə, İspaniya və Danimarka, 2007-ci ildə isə Almaniya hökumətləri ictimai yerlərdə siqaret çəkilməsinin yasaqlanması haqqında qərar qəbul etmişlər.