Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Berlinin Maksim Gorki teatrının rəhbərliyinə etiraz məktubu göndərmişdir
Berlin, 20 fevral (AZERTAC). Bu yaxınlarda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Berlinin Maksim Gorki Teatrının rəhbərliyinə etiraz məktubu göndərmişdir. AAKM-nin bu etiraz aksiyası Almaniyanın bir sıra şəhərlərində Mark Sinan və Drezden Filarmoniyasının birgə səhnələşdirdikləri “Dədə Qorqud - Təpəgözün müştərisi” adlı bədii-musiqili tamaşa ilə bağlıdır.
AAKM bu tamaşanı erməni lobbisinin türk dünyasına qarşı növbəti təxribatı kimi qiymətləndirmiş və öz etirazında layihənin müəlliflərini kəskin tənqid etmişdir.
Artıq fevralın 8-də Drezden şəhərində oynanılan, fevralın 14-16-da isə Berlinin Maksim Gorki Teatrında göstərilən bu tamaşanın “müəllifi” Mark Sinan özünün “mədəni” iddialarını ermənipərəst “bədii” formada həyata keçirmişdir. Tamaşanın “beynəlxalq tərkibli yaradıcı qrupu” əsas mövzuda 1915-ci ildə qondarma “erməni soyqırımı”nı hiyləgər və zövqsüz formada meydana qoyur. İncəsənət dilindən bir silah kimi istifadə edilən bu layihənin məqsədi bütün türk xalqlarının soykökünün müqəddəs kitabı olan Dədə Qorqud mövzusunu bayağılaşdıraraq, “qondarma faciə”də türkləri günahlandırmaqdır.
Tamaşa Dədə Qorqud dastanını saxtalaşdırır, ermənipərəst təbliğat apararaq, “gizli bədii” dil ilə türk xalqlarını “casus” bir simada qələmə verməyə çalışır. “Müəlliflər” türkdilli oğuz nəslinin müqəddəs kitabı olan Dədə Qorqud eposunu “erməni xalqının faciəsi”nin təsviri üçün bir “alət” kimi istifadə edərək, bu yüksək mənəvi ideyaları təmsil edən kitabı uydurma “erməni soyqırımı” ilə bağlayırlar. Həm zaman cəhətdən yüz illərlə bir-birindən aralı olan, eləcə də mövzuca bir-biri ilə heç bir əlaqəsi olmayan olayları tamaşanın “mərkəzi ideyasına” çevirmiş “müəlliflər” bütün türk dünyasına sübutu olmayan hadisələr üçün məsuliyyət vermiş, bununla da bütün türkdilli xalqları günahlandırılaraq, onların tarixi və ləyaqətini ləkələmək cəhdi göstərmişlər.
AAKM bu hadisə ilə bağı Türkiyənin Berlindəki baş konsulluğuna, Almaniyadakı və Avropadakı Azərbaycan və türk diaspor təşkilatlarına məlumat vermiş, eləcə də Berlindəki Maksim Qorki Teatrının rəhbərliyinə və adı bədnam “müəlliflər”ə etiraz məktubu göndərmişdir.
Mərkəz, həmçinin Azərbaycan və Türkiyə diaspor təşkilatlarını gələcəkdə tez-tez qarşıya çıxacaq belə hadisələrə hazır, vaxtında lazımi cavab vermək və müqavimət göstərmək üçün səfərbər olmağa çağırmışdır.
Pərvanə Qarayeva
AZƏRTAC -ın xüsusi müxbiri
Berlin