DÜNYA
Alp dağlarında buzlaqların əriməsi İtaliya və İsveçrəni dövlət sərhədini yenidən nəzərdən keçirməyə məcbur edib
Bakı, 30 sentyabr, AZƏRTAC
Alp dağlarında buzlaqların əriməsi ilə əlaqədar İsveçrə və İtaliya dövlət sərhədini tənzimləmək qərarına gəliblər.
AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, bu dəyişikliklər Avropanın ən yüksək zirvələrindən birinə - İsveçrənin Zermatt və İtaliyanın Aosta vadisinin qovşağında yerləşən Matterhorn dağına bitişik əraziyə təsir edib. Bu bölgədə sərhədin əhəmiyyətli hissəsi ənənəvi olaraq son vaxtlar iqlim prosesləri ilə əlaqədar əhəmiyyətli dəyişikliklərə məruz qalmış buzlaq silsilələri, çəmənliklər və əbədi qar sahələri boyunca uzanırdı.
Sərhədin yenidən nəzərdən keçirilməsi ilə bağlı qərar hər iki ölkə tərəfindən iqtisadi maraqları nəzərə alınmaqla qəbul edilib. 2023-cü ilin mayında İtaliya-İsveçrə Birgə komissiyası yeni parametrlər üzrə razılığa gəlib. Hazırda İsveçrə tərəfi Sazişi ratifikasiya edib, İtaliya isə imzalama prosesini hələ başa çatdırmayıb. Bundan əvvəl Matterhorn zirvəsinin statusu ilə bağlı uzun müddət fikir ayrılığı yaranmışdı.
İsveçrə Elmlər Akademiyasının məlumatına görə, təkcə 2023-cü ildə İsveçrədə buzlaqların həcmi 4 faiz azalıb. Ən əhəmiyyətli azalma 2022-ci ildə qeydə alınıb və 6 faiz təşkil edib. Vəziyyət o qədər narahatedicidir ki, mütəxəssislər İsveçrədə bəzi buzlaqların tamamilə yox olması səbəbindən onların monitorinqini dayandırıblar.