AMB: Kredit büroları maliyyə inklüzivliyini genişləndirmək üçün əsas alətlərdən biridir VİDEO

Bakı, 23 İyun, AZƏRTAC
Bu gün kredit büroları bank-maliyyə sistemi də daxil olmaqla ümumi informasiya infrastrukturunun əsas sütunlarından birini təşkil edir. Makroprudensial baxımdan kredit büroları kredit riskinin idarə edilməsi mexanizmi olaraq kredit bazarlarında informasiya assimetriyasını və defolt ehtimallarını azaltmaqla məsuliyyətli kreditləşməyə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Beynəlxalq Kredit Hesabatlılığı Konfransında deyib.
O bildirib ki, kredit büroları mərkəzi banklar və tənzimləyici orqanlar üçün makroprudensial analiz, stres-testləşdirmə, kontr-tsiklik siyasət tədbirlərinin implementasiyası, IFRS 9, Basel III və digər platformalar çərçivəsində risk modellərinin tərtibi baxımından mühüm əhəmiyyət kəsb edir və ümumilikdə maliyyə sabitliyinə töhfə verir.
“Kredit büroları maliyyə inklüzivliyini genişləndirmək üçün əsas alətlərdən biri kimi çıxış edir. Əgər əvvəlki dövrlərdə bu əhalinin və biznesin kredit tarixçələrinin formalaşdırılması və anderraytinq sistemlərində nəzərə alınması yolu ilə maliyyə əlçatanlığına töhfə verirdisə, müasir zamanda daha mütərəqqi inteqrasiya metodları bu imkanları dəfələrlə genişləndirib. Sirr deyil ki, bir çox kredit büroları qeyri-ənənəvi məlumat mənbələrini öz sistemlərinə inteqrasiya etməyə başlayıb. Məsələn, elektron pul əməliyyatları, müştərilərin elektron ticarət davranışları, icarə və kommunal ödənişlər və s. alternativ məlumatlar kredit əlçatanlığı baxımından yeni və daha geniş imkanlar yaradır. Bu, istər əhalinin kreditlərini, istərsə də fərdi sahibkarlar da daxil olmaqla mikro, habelə kiçik, orta və iri sahibkarlıq subyektlərinin biznes kreditlərini ehtiva edir”, - deyə sədr müavini vurğulayıb.
T.Əliyev qeyd edib ki, son dövrlərdə daha da sürətlənmiş maliyyə xidmətlərinin rəqəmsallaşması məsafədən işgüzar münasibətlərin yaradılmasının və maliyyə əməliyyatlarının icrasının əhəmiyyətini artırıb: “Əlbəttə, bu dəyişiklik şəxsiyyətin eyniləşdirilməsi və bununla əlaqəli risklərin azaldılması baxımından yeni çağırışlar yaradıb. Ancaq nəzərə alınmalıdır ki, bu yeniliklər biznes subyektlərinin maliyyə hesabatlığına rəqəmsal çıxış imkanlarını da əhəmiyyətli şəkildə təşviq edib. Hesab edirəm ki, bu kontekstdə kredit büroları rəqəmsal müştəri uyğunluğu tədbirləri infrastrukturunun qurulmasında və öz müştərini tanı prinsiplərinin daha effektiv tətbiqi baxımından mühüm rol oynaya bilər. Onlar elektron hökumət sistemləri çərçivəsində mövcud olan identifikasiya və müxtəlif hesabatlıq bazaları ilə inteqrasiya edilərək real vaxt rejimində şəxsiyyətin təsdiqi və autentifikasiya xidmətləri ilə paralel, biznes subyektlərinin maliyyə hesabatlığı əsasında çevik təhlil xidmətlərini təqdim edə bilərlər”.