“AmCham” “Azərbaycanda etika və komplayens” mövzusunda konfrans keçirib
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") "Azərbaycanda etika və komplayens" mövzusunda ikinci konfransını təşkil edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, "AmCham"ın prezidenti Nuran Kərimov, icraçı direktoru Natəvan Məmmədova və direktorlar şurasının üzvü, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək qanunlara, qaydalara və peşəkar standartlara riayət etməyin, etik biznes davranışı prinsiplərinə uyğunluğun təmin edilməsinin rolu barədə biznes cəmiyyəti arasında məlumatlılığın artırılmasının ölkədə biznes mühitinin gücləndirilməsi üçün vacibliyini vurğulayıblar.
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokuroru Elnur Hümbətov dövlət tərəfindən davamlı olaraq həyata keçirilən antikorrupsiya tədbirləri, "ASAN xidmət"in bu sahədəki əhəmiyyətli rolu, həmçinin etika və əməletmə sahəsində şəffaflığın təmin edilməsi istiqamətində aparılan tədbirlər barədə təqdimatla çıxış edib.
Konfransda biznes kontekstində korporativ dəyərlərin gücləndirilməsi üçün əməletmənin vacibliyi, onun daha geniş və sistematik elementləri, üçüncü tərəflərin əməletmə ilə bağlı effektli risk idarəetməsi mövzusu müzakirə olunub. Konfrans interaktiv müzakirə formasında keçirilib və işini sual-cavab sessiyası ilə yekunlaşdırıb.