ELM VƏ TƏHSİL
AMEA-da “Heydər Əliyev: zaman və müasirlik” mövzusunda elmi sessiya keçirilib





Bakı, 8 may, Pərvanə İmanova, AZƏRTAC
Mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Heydər Əliyev: zaman və müasirlik” mövzusunda elmi sessiya keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.
AZƏRTAC xəbər verir ki, elmi sessiyada çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə hər il respublikamızda, xarici ölkələrdə və AMEA-da ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində silsilə tədbirlər keçirildiyini söyləyib. Bildirib ki, ömrünü dövlətinin, xalqının inkişafına, çiçəklənməsinə və rifahına həsr edən Ulu Öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.
Akademik Akif Əlizadə dahi rəhbərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, Ulu Öndərin elmi, siyasi, iqtisadi və mədəni quruculuq sahəsində, eyni zamanda, AMEA-nın bugünkü fəaliyyətində böyük xidmətlərindən danışıb. Bildirib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olunub.
AMEA-nın prezidenti diqqətə çatdırıb ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə elmin, o cümlədən AMEA-nın inkişafına böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlanıb.
Akademik Akif Əlizadə Ulu Öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gələndən sonra ilk görüşünü məhz AMEA-da Azərbaycan ziyalıları ilə keçirməsini bu diqqətin məntiqi davamı olduğunu deyib. Bildirilib ki, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafına böyük önəm verən Ümummilli Lider ölkəmizdə və xaricdə görkəmli klassiklərimizin, elm və incəsənət xadimlərimizin yubiley tədbirlərində şəxsən iştirak edib, hər zaman onlara diqqət və qayğı ilə yanaşıb. Hələ keçmiş sovet dövründə Azərbaycanın bir sıra görkəmli ziyalıları, elm xadimləri onun himayəsi və təşəbbüsü ilə müxtəlif dövlət mükafatlarına və yüksək fəxri adlara layiq görülüblər.
Akademiyanın rəhbəri ümummilli lider Heydər Əliyevin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ideyalarının Azərbaycanın gələcək inkişafının qarantı olduğunu vurğulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycanda Heydər Əliyevşünaslıq: nailiyyətlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbəri kimi böyük şöhrət qazanıb. Dünyanın görkəmli dövlət xadimləri və böyük siyasətçiləri ulu öndər Heydər Əliyevin çoxillik və çoxcəhətli tarixi xidmətlərini yüksək qiymətləndirib, ondan beynəlxalq miqyasda qəbul olunan liderlərdən biri kimi söz açıblar. XX əsr ərzində bütün tarixi mərhələlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli tarixə çevrilmiş dövlətçilik fəaliyyəti və mübarizəsi böyük siyasətçilərin, elm xadimlərinin də həmişə diqqət mərkəzində olub. Son yarım əsrdə görkəmli dövlət xadimi Heydər Əliyev haqqında çoxsaylı ictimai, siyasi, elmi mövzuda yazılmış kitablar, monoqrafiyalar və digər nəşrlər Azərbaycan xalqının Ümummilli Lideri haqqında baxışları əks etdirir ki, bütün bunlar Heydər Əliyevşünaslıq elmi istiqamətini formalaşdırıb.
Akademik İsa Həbibbəyli deyib: “Heydər Əliyevşünaslıq – böyük siyasət haqqında elmin üzvi tərkib hissəsi olub, siyasi-tarixi xarakter daşıyan nəzəri təlimdir, azərbaycanşünaslığın əsas aparıcı və hərəkətverici qüvvəsi olan sistemli bir nəzəriyyədir, müstəqil dövlətçilik və ümummilli ideologiya haqqında elmdir, daim inkişafda olan, böyük gələcəyə işıq salan əbədiyaşar novator dövlətçilik təlimidir. Görkəmli dövlət xadimi Heydər Əliyev haqqında deyilənlər və yazılanlar dünyanın ayrı-ayrı qitələrini və xalqlarını əhatə etdiyi üçün Heydər Əliyevşünaslıq beynəlxalq miqyaslı elmi təlimdir. Bununla belə, ulu öndər Heydər Əliyevə həsr olunan rəyləri, münasibət ifadə edən fikirləri, ən müxtəlif xarakterli araşdırmaları ümumiləşdirib dəyərləndirmək Azərbaycan elminin borcu və vəzifəsidir. Həmçinin Ümummilli Lider haqqında ən sanballı bioqrafik əsərlər, siyasi və elmi araşdırmalar təbii olaraq Ulu Öndərin Vətənində aparıldığından Heydər Əliyevşünaslığın Vətəni və əsas mərkəzi Azərbaycan Respublikasıdır. Yaradıcıları sırasında dünyanın ən tanınmış siyasətçiləri və elm xadimləri olsa da, elm sahəsində Heydər Əliyevşünaslığın aparıcı simaları Azərbaycan alimləridir. Elmimiz üçün Heydər Əliyevşünaslıq ən şərəfli mövzu olmaqla bərabər, həm də məsuliyyətli bir mənəvi borcdur. Azərbaycan tarixinin son 50 illik inkişaf yolunu Heydər Əliyev amilini əsas kimi qəbul etmədən elmi cəhətdən obyektiv şəkildə qiymətləndirmək mümkün deyil”.
AMEA-nın vitse-prezidenti diqqətə çatdırıb ki, Azərbaycan Heydər Əliyevşünaslığı – ölkə elminin baş istiqamətini müəyyən edən tarixi-siyasi, nəzəri və təcrübi xarakterli elmi təlimdir. Son yarım əsrin humanitar və ictimai elmlərinin əsas istiqaməti azərbaycançılıqdan, mahiyyəti isə Heydər Əliyevçilikdən ibarətdir. Əslində ölkəmizdə dəqiq və texniki elmlər, yer elmləri və təbiət elmləri də Heydər Əliyevin azərbaycançılıq ideallarının işığında inkişaf etdirilib. Bu mənada Heydər Əliyevşünaslıqla azərbaycançılıq arasında bərabərlik işarəsi qoymaq mümkündür. Heydər Əliyevşünaslıq müstəqillik dövrü Azərbaycan elminin strategiyasını müəyyən edən metodoloji meyardır.
Sonra Milli Məclisin Regional məsələlər inkişaf komitəsinin sədri Arif Rəhimzadə “Azərbaycanda regionların inkişafı: Heydər Əliyevdən İlham Əliyevə”, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Sahibə Qafarova müvafiq olaraq “Azərbaycan beynəlxalq münasibətlərdə: Heydər Əliyevdən İlham Əliyevə”, “Heydər Əliyev və gender siyasəti” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə ulu öndər Heydər Əliyevin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında əvəzsiz rolundan söz açılıb. Bildirilib ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsinin təməli qoyulub. Görkəmli dövlət xadimi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə ölkəmizi dünyada tanıdıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib. Sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. İctimai-siyasi və mədəni həyatımızın elə bir sahəsi yoxdur ki, orada dahi rəhbərin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin.
Qeyd edilib ki, ölkəmizdə gender bərabərliyinin, qadınların bərabər hüquqlarının təmin olunması siyasətinin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirib.
Çıxış edənlər görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini söyləyib, Ulu Öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini diqqətə çatdırıblar.