AMEA-da “Müstəqillik illərində Azərbaycan elminin inkişafı” mövzusunda elmi sessiya keçirilmişdir
Bakı, 17 oktyabr (AZƏRTAC). Oktyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə “Müstəqillik illərində Azərbaycan elminin inkişafı” mövzusunda elmi sessiya keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, institutun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva müstəqil Azərbaycanın 20 ili ərzində keçdiyi böyük inkişaf yolundan, bütövlükdə elmimizin, o cümlədən şərqşünaslıq elminin əldə etdiyi nailiyyətlərdən söz açmışdır.
Sovet İttifaqının süqutunun tarixi zərurət olduğunu qeyd edən G.Baxşəliyeva bu hadisənin qanunauyğun, obyektiv tarixi proseslərin nəticəsində baş verdiyini bildirmişdir. O, Azərbaycanın bu prosesi, keçmiş Sovet respublikalarından fərqli olaraq, daha ağır, daha çox itki ilə başa vurduğunu diqqətə çatdırmış, müstəqilliyin ilk illərinin çətinliklərindən danışmışdır.
Bildirilmişdir ki, xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi ümummilli lider, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət - Heydər Əliyev ölkənin inkişafının əsasını qoymuşdur. O, müstəqilliyimiz üçün təhlükə törədən amilləri aradan qaldıraraq onu, öz təbirincə desək, dönməz və əbədi etmişdir. Ulu öndərin layiqli davamçısı İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi dövründə əldə olunan nailiyyətlərin, iqtisadi uğurların Azərbaycanı həyatın müxtəlif sferalarında dünya miqyasında aparıcı mövqelərə çıxardığı vurğulanmışdır. Məhz Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti sayəsində Azərbaycan iqtisadi inkişaf tempinə görə ən yüksək yeri tutmuş, bütün dünyanı iqtisadi böhran bürüdüyü bir dövrdə həmin böhranı, demək olar ki, hiss etmədən adlamış və iqtisadi inkişafını davam etdirmişdir.
G.Baxşəliyeva ulu öndərin və Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin inkişafında göstərdikləri müstəsna xidmətlərindən bəhs edərək demişdir ki, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından və AMEA-nın üzvləri, elmi ictimaiyyətlə tarixi görüşündən sonra akademiya sistemində mövcud olan dərin böhran, tənəzzül, hətta iflas proseslərinin qarşısı alınmış və sabitlik yaranmışdır. Elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilmişdir. Prezident Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmişdir. Bu tarixi Fərman Azərbaycan xalqının sosial, iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu, dövlətin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləmişdir. Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı Sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atmışdır.
Müstəqillik illərində qazanılmış elmi nailiyyətlərdən söz açan G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun da əldə edilmiş uğurlarla öncüllər sırasında olduğunu, xüsusən də elmimizin dünyaya inteqrasiyası baxımından fəallığı və məhsuldarlığı ilə seçildiyini vurğulamışdır. Bildirilmişdir ki, institut əməkdaşlarının nəşr olunmuş 245 kitabından 17-si, 2700 elmi məqaləsindən 365-i xarici ölkələrdə işıq üzü görmüşdür. İnstitutun təşkilatçılığı ilə 28 konfrans, 51 seminar, 34 simpozium keçirilmişdir. Bu illər ərzində Şərqşünaslıq İnstitutunun əməkdaşları xaricdə 317 konfrans, 47 seminar, 121 simpoziumda iştirak etmişlər. Ötən 20 ildə institutda 8 doktorluq və 66 namizədlik dissertasiyası müdafiə edilmiş, alimlər 14 qrant almışlar. Şərqşünaslıq İnstitutunun hazırda bir çox ölkələrin universitet və elmi mərkəzləri, habelə Türk Tarix Qurumu ilə sıx elmi əlaqələri vardır. Onlarla ikitərəfli elmi əməkdaşlığa dair müqavilələr imzalanmış, şərqşünas alimlərin daha səmərəli elmi fəaliyyətlə məşğul olması təmin edilmişdir. İnstitut, həmçinin UNESCO-nun dəstəyi ilə fəaliyyət göstərən Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun Azərbaycan üzrə əlaqələndiricisidir.
Tədbirdə institut direktorunun müavini, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin “Müstəqillik illərində Şərqşünaslıq İnstitutunun fəaliyyəti” mövzusunda məruzəsi dinlənilmişdir.
İnstitutun şöbə müdirləri Vilayət Cəfərov, Əkrəm Rəhimli, Mehdi Kazımov, Esmeralda Həsənova və başqaları çıxış edərək müstəqilliyimizin gətirdiyi töhfələrdən, Azərbaycan elminin daha da inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışmışlar.
Tədbir çərçivəsində Şərqşünaslıq İnstitutunun 20 il ərzində çap etdirdiyi kitablardan ibarət sərgi nümayiş olunmuşdur.