AMEA Kimya Elmləri Bölməsinin birillik fəaliyyətinə dair hesabatı dinlənilmişdir
Bakı, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları AMEA-nın Kimya Elmləri Bölməsinin birillik fəaliyyətini əks etdirən sərgi ilə tanış olmuşlar.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov tədbiri açaraq gündəlikdəki məsələlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Rəyasət Heyətinin səyyar xarakter daşıyan bugünkü iclası əsasən AMEA-nın Kimya Elmləri Bölməsinin (KEB) 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuşdur. Bu cür iclasların davam etdiriləcəyi, AMEA-nın digər institutu və təşkilatlarının da ötənilki fəaliyyətlərinə dair hesabatlarının dinləniləcəyi qeyd olunmuşdur.
İclasda KEB-in akademik-katibi, akademik Nadir Seidovun “AMEA Kimya Elmləri Bölməsinin 2012-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında” mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, KEB və onun elmi müəssisələri 2012-ci ildə elmi fəaliyyətlərini Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın müvafiq müddəalarını rəhbər tutaraq davam etdirmişlər.
Hesabat ilində bölmənin institutlarında 18 problemi əhatə edən 44 mövzu üzrə tədqiqatlar aparılmış, dörd mövzu tamamlanmışdır. Ötən il bölmə üzrə 12 işin nəticələrini tətbiq etmək üzrə tədbirlər həyata keçirilmiş, üç iş tətbiq olunmuş, səkkiz iş plan həcmində yerinə yetirilmişdir.
N.Seidov bölməyə daxil olan institutların fəaliyyətləri haqqında məlumat verərək bildirmişdir ki, ötən il həmin qurumlarda 24 patent alınmış, onların təşkilatçılığı ilə Azərbaycanda bir sıra beynəlxalq elmi konfranslar keçirilmişdir. Hesabat ilində bölmənin institutlarının beynəlxalq əlaqələri genişlənmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan alınmış qrantlar üzrə işlər davam etdirilmişdir.
Qeyd olunmuşdur ki, hazırda bölmənin müəssisə və təşkilatlarında 1.176 əməkdaş fəaliyyət göstərir. Onlardan 108-i elmlər doktoru, 386-sı fəlsəfə doktorudur. KEB-in tərkibində AMEA-nın 10 həqiqi üzvü, 18 müxbir üzvü çalışır. Bölmə institutlarının ixtisaslaşdırılmış müdafiə şuralarında fəlsəfə doktorluğu üzrə 26, elmlər doktorluğu üzrə 6 dissertasiya işi müdafiə olunmuşdur.
Keçən il doktoranturaya 23 fəlsəfə doktoru (9 əyani, 14 qiyabi), dissertanturaya 22 fəlsəfə doktoru və 10 elmlər doktoru qəbul olunmuşdur. Hazırda KEB-in institutlarında 56 fəlsəfə doktoru (28 əyani, 28 qiyabi) təhsil alır. Hesabat ilində kimyaçı alimlər tərəfindən hazırlanmış 10 kitab və monoqrafiya çapdan çıxmışdır. Əməkdaşların çap olunmuş 907 məqalə və tezisindən 335-i xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc edilmişdir. Bölmə institutlarında çalışanların elmi işlərinin nəticələri respublikamızda və xaricdə keçirilmiş elmi tədbirlərin materiallarında əksini tapmışdır.
Tədbirdə akademik Mahmud Kərimov, NKPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutunun direktoru, akademik Ağadadaş Əliyev, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev və başqaları AMEA-nın Kimya Elmləri Bölməsinin birillik fəaliyyətini qənaətbəxş hesab etmişlər.
AMEA Rəyasət Heyətinin qərarı ilə Kimya Elmləri Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqında hesabatı təsdiq edilmişdir.
İclasda bir sıra digər elmi-təşkilati məsələlərə də baxılmışdır.