AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna 22 əlyazma və kitab hədiyyə olunub
Naxçıvan, 29 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qədim tarixə malik 22 əlyazma və kitab AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunub. Qədim əlyazma və kitablar Babək rayonunun Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən təqdim edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qədim əlyazma və kitabların araşdırılaraq üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. O deyib ki, qədim əlyazma və kitabların Əlyazmalar Fonduna hədiyyə edilməsi ənənəyə çevrilib. Bu, dördüncü təqdimatdır. Əlyazmalar Fondunda bu gün 400-dən çox qədim əlyazma və kitab var.
Akademik bildirib ki, əlyazma və kitablar əsrlərboyu İslam coğrafiyasının müxtəlif ölkələrinə yayılıb və əldən-ələ keçib. Bu gün təqdim olunan kitablar arasında dərslik, tanınmış insanların həyatı ilə bağlı kitablar, şairlərin əsərləri var. Bunlardan 2-si əlyazma, 20-si isə çap kitabıdır.
Tədbirdə mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, əlyazma kitabları insan zəkasının inciləridir. Hər bir əlyazma kitabı onu oxuyan alim və tədqiqatçının diqqətini cəlb edir. Natəvan Qədimova Mədəniyyət Nazirliyi adından kitabları təqdim edən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevə təşəkkürünü bildirib.
Nazir çıxışının sonunda mədəniyyətimizə, tariximizə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov həmin kitablar haqqında ətraflı məlumat verərək deyib ki, təqdim olunan kitablar arasında Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”, M.Ə.Sabirin “Hophopnamə”si, Əbu Nəsr Fərahinin “Nisabüs-sibyan” kitabları, “İran şahlarının tarixi”, “Astronomiya və coğrafiya məlumatları” xüsusilə maraq doğurur.
Sonda hədiyyə edilən kitablara baxış olub.