ELM VƏ TƏHSİL
AMEA-nın “Akademiya şəhərciyi”ndə yaxın günlərdə iki yeni futbol meydançası istifadəyə veriləcəkdir
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Akademiya şəhərciyi”ndə iki yeni futbol meydançası yaxın günlərdə istifadəyə veriləcəkdir.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, hər biri təxminən 1000 kvadratmetr sahəni əhatə edən meydançalar texniki göstəriciləri və müasir xarici görünüşləri ilə fərqlənirlər.
Burada standartlara cavab verən süni ot örtüyü döşənmişdir. Meydançaların üstünün örtülməsi üçün xüsusi metal konstruksiyadan istifadə olunmuşdur. Onların üzərinə müxtəlif ölçüdə yanğına və digər təsirlərə davamlı örtük çəkiləcəkdir.
Stadionların ətrafında abadlıq işləri tamamlanmaq üzrədir. Burada dekorativ ağac və kol bitkiləri əkilir. Stadionlara aid ərazidə lazımi şəraiti olan geyinib-soyunma və yuyunma otaqları, həmçinin 40 nəfərlik kafe fəaliyyət göstərəcəkdir.
Kompleks AMEA əməkdaşları üçün həftəiçi hər gün ödənişsiz fəaliyyət göstərəcəkdir.