AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Tokio Universitetində təcrübədə olmuşdur
Bakı, 1 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Tovuz arxeoloji ekspedisiyasının üzvü Valeh Ələkbərov arxeologiya elm sahəsi üzrə və qazıntılardan aşkar olunmuş materialların elmi ekspozisiyasının təşkil olunması istiqamətində yeni biliklərin əldə edilməsi məqsədilə Yaponiyanın Tokio Universitetində təcrübədə olmuşdur.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsi (EİF-Mob-3-2013-6(12)) layihəsi çərçivəsində reallaşmışdır.
V. Ələkbərov Yaponiyada olduğu müddətdə arxeoloji materialların elmi ekspozisiyasının, bu ölkədə mövcud olan muzeylərin və arxeoloji qazıntı yerlərində yaradılmış arxeoparkların təşkilində tətbiq edilən ən müasir metodologiya ilə yaxından tanış olmuşdur. Həmçinin V. Ələkbərov yeni biliklərin əldə edilməsi, arxeoloji qazıntılarda tətbiq olunan müasir qazıntı metodları və aşkar edilmiş materiallarla işləmək bacarığının artırılması məqsədilə, bu sahələrdə ixtisaslaşmış yapon mütəxəssisləri tərəfindən tərtib edilən plana uyğun olaraq elmi seminarlarda və onlarla birgə praktiki işlərdə iştirak etmişdir.
Təcrübənin sonunda Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Yaponiyanın Tokio Universitetinin müəllim və tələbələri qarşısında 21 gün ərzində əldə etdiyi bilgilər və gələcəkdə onlardan istifadə haqqında məruzə ilə çıxış etmişdir.
Sonda azərbaycanlı alimə qısamüddətli təcrübənin müvəffəqiyyətlə yerinə yetirilməsi barədə sertifikat təqdim olunmuşdur.
Qeyd etmək lazımdır ki, V. Ələkbərovun bu sahədə qazandığı elmi biliklər gələcəkdə Azərbaycanda yaradılması nəzərdə tutulan arxeoloji muzeylərin, arxeoparkların və açıq səma altında muzeylərin təşkil olunmasında və sərgilənməsində, o cümlədən arxeoloji tədqiqatlarda ən son texnoloji yeniliklərin tətbiqində və ümumilikdə, arxeologiya elminin inkişafında mühüm əhəmiyyətə malik olacaqdır.