ELM VƏ TƏHSİL
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə institutun direktoru, professor İlham Məmmədzadə rəhbərlik etdiyi elm müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, dünya elminə inteqrasiyası, fəlsəfə və hüquq elmlər üzrə yeni elm sahələrinin Azərbaycanda inkişaf etdirilməsi, məqalələrin xarici jurnallarda dərc olunması, həmçinin bacarıqlı və istedadlı gənclərin elmə cəlb edilməsi haqqında məlumat vermişdir. Bildirmişdir ki, institutda çalışan gənclərin böyük əksəriyyəti xarici dilləri bilməklə yanaşı, beynəlxalq proqramlarda ölkəmizi layiqincə təmsil etməyə çalışırlar.
İnstitutun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva AMEA Rəyasət Heyətinin “Gənc Alim və Mütəxəssislər Şurasının təsis olunması” haqqında sərəncamına əsasən institutda Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması ilə bağlı məlumat vermişdir.
Sonra yeni yaranan şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilmişlər.
İdarə heyətinin tərkibi 8 nəfərdən ibarət olan Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva, müavini fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanov, katibi Yasmina Məlikova seçilmişlər.