AMEA-nın Fizika İnstitutu hesabat vermişdir
Bakı, 28 dekabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun illik hesabat yığıncağı keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Cavad Abdinov hesabat məruzəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işləri, əldə olunan mühüm nəticələr haqqında məlumat vermişdir. O, institut əməkdaşları tərəfindən 8 mövzunu əhatə edən 44 elmi-tədqiqat işinin 60 mərhələdə həyata keçirildiyini bildirmişdir.
Dünyanın ən qabaqcıl elmi-texniki təşkilatları ilə əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışan alim xarici ölkələrə ezam olunmuş əməkdaşların məruzələrinin dinlənilərək təsdiq edildiyini diqqətə çatdırmışdır.
Hesabat ilində institut əməkdaşlarının sədrliyi, həmsədrliyi və iştirakı ilə bir neçə beynəlxalq konfrans və elmi sessiyanın keçirildiyini bildirən C.Abdinov institut əməkdaşları tərəfindən 343 məqalə (111-i yerli, 232-si xarici jurnallarda, onlardan 113-ü Science Citation İndeksli jurnallarda) çap olunduğunu söyləmişdir.
O, institutda 14 aspirantın və 15 dissertantın (5-i respublikanın müxtəlif elm və təhsil təşkilatlarının nümayəndələri, 10-u isə İran İslam Respublikasının vətəndaşıdır) çalışdığını da qeyd etmişdir.
C.Abdinov institutun kitabxanasının fəaliyyəti haqqında məlumat verərək demişdir ki, bu kitabxanadan təkcə Fizika İnstitutunun əməkdaşları deyil, həm də ölkənin təhsil müəssisələrinin tələbələri də istifadə edirlər. Alim institutda 28 qrant üzrə işin yerinə yetirildiyini, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun pilot layihəsi üzrə qrantına layiq görüldüyünü bildirmişdir. C.Abdinov institutda Nazirlər Kabinetinin 4 layihəsi üzrə işin yerinə yetirildiyini də söyləmişdir.