AMEA-nın Fizika İnstitutunda qabaqcıl naziktəbəqəli texnologiyalar inkişaf etdirilir
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və institutun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika üzrə elmlər doktoru Ayaz Bayramovun “AMEA Fizika İnstitutunda qabaqcıl naziktəbəqəli texnologiyaların inkişafı” mövzusunda məruzəsi dinlənilib.
Bildirib ki, son bir neçə ildə institutun müasir təcrübi, nəzəri və texniki bazasının yaradılması, yüksək texnologiyalar üçün yeni material və cihaz strukturları üzrə innovasiya proqramının başlanması istiqamətində bir sıra mühüm işlər görülüb. Sözügedən proqram çərçivəsində aparılan elmi araşdırmalar nanotexnologiya və buna əsaslanan informasiya texnologiyaları, eləcə də bərpa olunan enerji mənbələri sahələrinə aiddir. Sadalanan bu problemlər ölkə rəhbərliyi tərəfindən respublikanın inkişafının prioritet istiqamətləri sırasına salınıb.
Qeyd olunub ki, işlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Pilot layihəsi çərçivəsində həyata keçirilib. Bu layihə nəticəsində institutda dünya standartlarına cavab verən, ən müasir texnoloji və tədqiqat avadanlıqları ilə təmin olunmuş İnnovasiya sektoru yaradılıb.
Məruzə müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.