ELM VƏ TƏHSİL
AMEA-nın müxbir üzvü: Şəhidlik zirvəsinə ucalan oğullarımızı tanıtmaq hər birimizin ümdə vəzifəsidir
Şamaxı Astrofizika Rəsədxanasında Anım Günü qeyd olunub
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Anım Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Tədbirdə çıxış edən elmi müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov vurğulayıb ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin təfərrüatlarını, ən vacib məqamlarını təbliğ etmək, eləcə də şəhidlik zirvəsinə ucalan oğullarımızı tanıtmaq hər birimizin ümdə vəzifəsidir. Qarabağın azad edilməsi uğrunda mübarizədə xalqımızın ölkə rəhbəri və ordumuzla sarsılmaz birlik nümayiş etdirməsi sayəsində bu gün ərazi bütövlüyümüz tam bərpa olunub.
Bildirilib ki, Vətən müharibəsi günlərində Şamaxı Astrofizika Rəsədxanası beynəlxalq təşkilatlara, əməkdaşlıq etdiyi xarici qurumlara çoxsaylı rəsmi müraciətlər ünvanlayıb, münaqişə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Müharibə başlayan gündən etibarən orduya dəstək olan rəsədxananın bir qrup əməkdaşı və övladları cəbhədə döyüşüblər. Digər əməkdaşlar isə, xüsusən gənc alim və mütəxəssislər informasiya mübarizəsində fəallıq nümayiş etdiriblər.
Tədbirdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışından da söz açılıb.
Daha sonra tədbir iştirakçıları Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.