AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları qrant layihələrin qalibi olmuşlar
Bakı, 23 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun qeyri-harmonik analiz şöbəsinin əməkdaşları qrant layihələrin qalibi olmuşlar.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Telman Qasımov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədilə qrantların verilməsi üzrə 2013-cü il üçün ikinci məqsədli İKT müsabiqəsinin qalibi olmuşdur.
T.Qasımov müsabiqədə “Regional ekoloji monitorinq mərkəzi sisteminin riyazi modelləşdirilməsi və proqram təminatı “ layihəsi ilə iştirak etmişdir.
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Vəfa Məmmədova EİF-in elmi-tədqiqat proqramları, layihələr və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə 2013-cü ildə gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsinin qalibi olmuşdur.
V.Məmmədova müsabiqədə “Xüsusi törəməli parabolik və elliptik tipli tənliklər üçün bəzi yeni aradan qaldırıla bilən məxsusiyyət məsələləri” adlı layihə ilə iştirak etmişdir.
Həmçinin institutun digər əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru Səbinə Sadıqova müsabiqədə “Çəkili Smirnov siniflərində Faber çoxhədlilərindən ibarət bazislər” layihəsi ilə qalib olmuşdur.