DÜNYA
Amerikanın üç diplomatına Venesuelanı tərk etmək əmri verilmişdir
Vaşinqton, 1 oktyabr (AZƏRTAC). Amerika-Venesuela münasibətlərində yeni qalmaqal yaranmaqdadır. Sentyabrın 30-da Venesuela Prezidenti Nikolas Maduro Amerikanın üç diplomatının deportasiya ediləcəyini elan etmişdir. Onlardan biri yüksəkixtisaslı diplomat (Amerika missiyasının Karakasda müvəqqəti işlər vəkili) Kelli Kiderlinqdir. Venesuela hökuməti diplomatları “ölkədə sabitliyin pozulmasına yönələn sabotaj aktlarında” günahlandırır.
ABŞ Dövlət Departamentinin mətbuat katibi bildirmişdir ki, Amerika Birləşmiş Ştatları Venesuelanın bu Cənubi Amerika ölkəsində sabitliyin ABŞ tərəfindən pozulması ilə bağlı ittihamlarını rədd edir. Venesuela Prezidenti əvvəllər diplomatları müxalifətçilərlə görüşlərin keçirilməsində, onların maliyyələşdirilməsində və ölkənin enerji sistemində diversiya aktlarının təşkilinə kömək göstərməkdə günahlandırmışdır.
Xatırladaq ki, sentyabrın əvvəlində ölkənin enerji sistemində baş vermiş qəza Venesuelanın yarısını işıqsız qoymuşdu.
N.Maduro diplomatlara 48 saat ərzində ölkəni tərk etməyi əmr etmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton