Amin Məmmədov: Ermənistan Araz çayında ekoloji çirklənmə ilə bağlı monitorinqlərə şərait yaratmalıdır VİDEO

Bakı, 10 aprel, AZƏRTAC
Ermənistan Araz çayında ekoloji çirklənmə ilə bağlı monitorinqlərin keçirilməsinə şərait yaratmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu “Environmental Protection First” (EPF) Koalisiyasının üzvləri Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirdiyi brifinqdə “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib.
Onun sözlərinə görə, indiyədək Azərbaycandan başqa heç bir ölkə mövcud problemi dilə gətirməyib: “Bu yaxında İran tərəfinin "Payam media" platformasında Arazın çirklənməsi ilə bağlı məlumatlar dərc olundu. Nəşrdə qeyd edilib ki, çayın çirkli suyundan istifadə insanların mədə-bağırsaq xəstəliklərinin və xərçəngin yaranmasına səbəb olur".
A.Məmmədov qeyd edib ki, hətta Ermənistanın özündə də vətəndaş cəmiyyətləri bu məsələ ilə bağlı mövqelərini açıqlayıblar: “Onlar mövcud problemə görə tənqidi fikirlər səsləndirdiklərindən Ermənistan hökuməti tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalıblar. Biz vətəndaş cəmiyyəti olaraq Ermənistanı monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırırıq. Bu monitorinqdə beynəlxalq bitərəf ekspertlər və azərbaycanlı mütəxəssislər də iştirak etməlidirlər”.