Anar İsrafilov: İcbari tibbi sığortanın tətbiqi və kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb VİDEO

Bakı, 17 may, AZƏRTAC
Ölkə səhiyyəsində son illərin ən əhəmiyyətli və təsiredici addımlarından biri icbari tibbi sığortanın tətbiqidir. İcbari tibbi sığortanın tətbiqi və kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb, regionlarda belə invaziv kardiologiya xidmətləri göstərilməkdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə "Bakı Ürək Günləri" IX Beynəlxalq Konqresdə TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib.
O bildirib ki, nəticə olaraq ölkəmizdə ürək-damar xəstəliklərindən ölüm 100 min nəfərə görə 12 faiz azalıb (2019-cu illə müqayisədə). 7 regionda açıq ürək əməliyyatları həyata keçirilib və bu əməliyyatların müvəffəqiyyət göstəricisi 90 faizi ötüb. Eyni zamanda, son illərdə bu sahədə mindən çox həkim və orta tibb işçisi ixtisasartırma və təkmilləşdirmə təlimlərinə cəlb olunub. Bununla bərabər, Azərbaycanda dünyada gedən tendensiyaya uyğun olaraq, ürək-damar xəstəlikləri ilə xəstələnmə hallarının sayı artmaqdadır və bu, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinin strateji əhəmiyyət kəsb etdiyini göstərir.