ANCEY VAYDANIN “KATIN” FİLMİ İNSANLARA YADDAŞLA BİRLİKDƏ VİCDANI QAYTARMAQ CƏHDİDİR
AZƏRTAC xəbər verir ki, mayın 21-də Azərbaycan Kinematoqrafçılar İttifaqında Avropa kinosu həftəsi çərçivəsində tanınmış polyak kinorejissoru Ancey Vaydanın 2007-ci ildə çəkdiyi “Katın” filmi nümayiş etdiriləcəkdir.
A.Vaydanın müraciət etdiyi mövzu ölüm salnaməsi deyildir, hər gün ölümlə qarşılaşan insanların həyat tarixçəsidir. Rejissor diqqəti faktın özünə və həlak olmuş polyak zabitlərin sayına (4000 adam) deyil, onların necə həyat sürdüklərinə, taleyin gərdişi ilə ötən əsrin 30-cu illərində düşdükləri Avropa siyasəti burulğanına, habelə ölümlərindən sonra yalan və yaddaşsızlıqla bir daha ölümə məhkum olanların taleyinə cəlb edir. Filmin ana xəttini “yalan ölümdən pisdir” fikri təşkil edir.
81 yaşında olmasına baxmayaraq, A.Vaydanın yaşayıb-yaratmaq eşqi, rejissorluq məharəti bitib-tükənmir. Filmin artıq ilk kadrları bunu təsdiq edir. Körpüdə qərb və şərq istiqamətlərindən axışıb gələn polyak qaçqınlar qarşılaşırlar. Onların bir qismi hitlerçilərin zülmündən, o biri qismi isə totalitar qonşunun cəngindən qurtulmağa çalışır. Yeri gəlmişkən, A.Vayda qarşısına Almaniyanı, Rusiyanı, yaxud diz çökmüş Polşanı pisləmək məqsədi qoymur. Psixoloji mövzuda çəkilmiş kinolent qardaşlıq məzarlıqlarında gömülmüşlər üçün də çəkilməmişdir. Film daha çox unutqan insanlara ünvanlanmış, imtina etdikləri tarixi yaddaşın, eyni zamanda vicdanın onlara qaytarılmasına hesablanmışdır.