DÜNYA
ANGELA MERKEL DÜNYANIN QADIN LİDERLƏRİ ARASINDA ƏN NÜFUZLU, MƏTİN, SƏBATLI SİYASİ XADİMİDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ-ın nüfuzlu “Forbes” jurnalı Almaniyanın hökumət başçısı, federal kansler Angela Merkeli ikinci dəfə ardıcıl olaraq dünyanın qadın liderləri arsında ən güclü, nüfuzlu, mətin, səbatlı siyasi xadim adlandırmışdır. Jurnalın 2007-ci il 31 avqust tarixli nömrəsində dərc olunmuş “Dünyanın 100 ən güclü və sanlı qadın ictimai xadimləri” reytinq dəyərləndirilməsi siyahısında Almaniya hökumətinin başçısı Angela Merkelin adı ikinci dəfə birinci sırada yazılmışdır.
Reytinq siyahısında Çinin vitse-prezidenti Vu Yu ikinci, ABŞ-ın xarici siyasət idarəsinin başçısı Kondoliza Rays üçüncü yerdədirlər. 2006-cı ilin reytinq dəyərləndirməsində Kondoliza Raysı dünya siyasi arenasında gündən-günə populyarlaşan Angela Merkel birinci yerdən ikinci yerə, 2007-ci ildə isə Vu Yu buradan üçüncü pilləyə sıxışdırmışlar.
“Forbes”in reytinq dəyərləndirilməsi siyahısında sıralanan 100 xanımdan 29-u siyasi xadim, 66-sı iqtisadçı, digər 5-i isə ictimai həyatın digər sahələrinin fəallarıdır.
Siyahının birinci onluğunda Avropadan yalnız iki nəfər - Angela Merkel və britaniyalı iş adamı Kintiya Karroll təmsil olunmuşdur. Qalanı ABŞ və Asiyadandır.