Ankara Universitetində elektron elmin nəzəri və praktiki məsələləri müzakirə olunub
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri Ramiz Alıquliyev və Təhmasib Fətəliyev Ankara şəhərində elmi ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) 2014-cü ilin əsas qrant müsabiqəsi çərçivəsində təqdim edilmiş kompleks elmi-tədqiqat proqramlarının qalibi olmuş “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” adlı qrant layihə üzrə alınmış elmi nəticələrin müzakirəsi və əməkdaşlıq əlaqələrinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.
Ezamiyyət çərçivəsində Ankara Universitetində keçirilən görüşlərdə bu ali məktəbin strukturu, yaranma tarixi, eləcə də kompüter mühəndisliyi şöbəsinin fəaliyyət istiqamətləri, elektron elm sahəsində əldə edilmiş nailiyyətlər və perspektivlər haqqında azərbaycanlı alimlərə ətraflı məlumat verilib.
Görüşdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti haqqında məruzələr dinlənilib. Məruzələrdə institutun elmi-tədqiqat istiqamətləri, iştirak etdiyi elmi layihələr və beynəlxalq əlaqələri haqqında geniş məlumat verilib. İnstitutun elektron elm sahəsində apardığı elmi və texnoloji fəaliyyət, onun şəbəkə platforması “AzScienceNet” şəbəkəsi, Data Mərkəz və e-elm çərçivəsində təqdim etdiyi şəbəkə xidmətləri diqqətə çatdırılıb. E-elm sahəsində aparılan elmi tədqiqatlar, qrant layihələri və alınmış nəticələr barədə müzakirələr aparılıb.
Qeyd edilib ki, EİF-in maliyyələşdirdiyi çoxsaylı layihələrdən biri olan “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” layihəsinin məqsədi respublikada çoxfunksiyalı, analitik və qiymətləndirmə imkanlarına malik, təhlükəsiz və etibarlı vahid elektron elmi infrastrukturun sintezi üçün metod və alqoritmlərin işlənməsidir.
Layihə çərçivəsində e-elm sahəsində aparılan tədqiqatların müasir vəziyyəti analiz olunub, aktual problemlər müəyyənləşdirilib, Azərbaycanın e-elm şəbəkəsinin arxitektur modeli işlənib, e-elm mühitində yaddaş və şəbəkə resurslarının optimal paylanması üçün modellər verilib, e-elm mühitində elmi problemlərin identifikasiyası üçün metodlar hazırlanıb və digər işlər görülüb. Bildirilib ki, layihə çərçivəsində həll olunmuş məsələlərdən alınmış çoxsaylı elmi nəticələr ölkənin və dünyanın nüfuzlu elmi jurnallarında dərc olunub və tanınmış beynəlxalq elmi baza və kitabxanalara daxil edilib.
Sonda hər iki tərəfin birgə elmi əməkdaşlıq üçün maraqlı olduğu bildirilib. Əməkdaşlıq istiqamətlərinin daha da dəqiqləşdirilməsi və birgə elmi-tədqiqat planının hazırlanması üçün növbəti görüşlərin keçirilməsi təklif edilib.